Milli Şuranın Tiflis toplantısından sonra qurumun İcra Aparatının rəhbəri Eldar Namazov brifinq keçirib. O, bildirib ki, yığıncaqda Azərbaycandakı durum, seçkiqabağı vəziyyət, Milli Şuranın iş planı, o sıradan Milli Şuranın vahid namizədinin prezident seçkilərində iştirak üçün rəsmi qeydiyyata alınması, eyni zamanda onun Azərbaycana sərbəst qayıdışı ilə bağlı məsələlər müzakirə edilib:
“Müşavirədə bir sıra önəmli addımlar atmaq vacib sayıldı. Birincisi, biz hesab edirik ki, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun payızda keçiriləcək seçkilərə sərbəst qatılması üçün atdığı addımlar, yəni onun ikili vətəndaşlıq probleminin çözümü üçün rəsmi Moskvaya müraciətinə hələ də baxılmadığı üçün Rusiya prezidentinə müraciət etməlidir.
Eyni zamanda, biz beynəlxalq birliyə də bu məsələ ilə bağlı müraciət ünvanlayacağıq. Bu məsələ həll olunana qədər isə biz Milli Şuranın işini daha da gücləndirməli, yerlərdəki təşkilatlarımızı daha da böyütməliyik. Bu gün biz ABŞ Konqresinə, Dövlət Departamentinə də müzakirə etdiyimiz məsələlərlə bağlı müraciət ünvanlamağı qərara aldıq. Ona görə ki, ABŞ Konqresinin nümayəndələri Azərbaycana səfər edərkən bu gün müzakirə edilən məsələlər o zaman da Azərbaycan hökuməti qarşısında qaldırılmışdı. Milli Şura eyni zamanda Avropa Birliyinə müraciət edəcək. Bu da onunla bağlıdır ki, noyabr ayında Vilnüsdə Avropa Biliyi ilə Azərbaycan arasında strateji işbirliyi sənədi imzalanacaq. Həmin sənəddə demokratiya və insan haqları ilə bağlı çox ciddi bəndlər var. Hesab edirik ki, həmin sənədin imzalanması Azərbaycan hakimiyyətinin qarşıdan gələn prezident seçkilərini nə qədər demokratik keçirməsindən asılı olmalıdır. Biz Avropa Komissiyasını Azərbaycanı öz öhdəliklərini həyata keçirməsi üçün ciddi səylər göstərməyə çalışırıq.





























































































