ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay dünən Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının (DSK) sədrləri üçün Bakıda başlayan ənənəvi seçki hüququ üzrə ixtisaslaşmış kursların açılışında iştirak edib.
O, çıxışı zamanı Azərbaycanda demokratik və azad seçkilərin keçirilməsi üçün hərtərəfli şərait olduğunu vurğulayaraq, son illər ölkədə demokratiya adına müsbət dəyişikliklərin reallaşdığını söyləyib.
ATƏT-in Bakı ofisinin bu mövqeyi isə birmənalı qarşılanmayıb. Mövzu ilə bağlı Moderator.az-a danışan Şərq-Qərb Araşdırmalar Mərkəzinin sədri, prezidentliyə namizəd Ərəstun Oruclu da Koray Tarqayın bu fikirlərindən məyus olduğunu dilə gətirib:
“Beynəlxalq təşkilatların son günlər Azərbaycanla bağlı sərgilədiyi mövqe cəmiyyətdə məyusluq yaradıb. K.Tarqay Azərbaycanda son illər baş verənlərə demokratiyanın inkişafı deyirsə, bu bəyanata artıq şərh verməyə ehtiyac qalmır. Mənim üçün anlaşılmaz olan bir məqam var. Görəsən, beynəlxalq təşkilatları avtoritar, qulağının dibinəcən cinayətin içində olan hakimiyyətlə bu dildə danışmağa vadar edən səbəblər nədir?”
Xəyal Əzizov































































































