Oleq Kuznetsov: “Jirinovski həyasız və məqsədsiz bir siyasətçidir” – ÖZƏL

Hazırda oxunan: Oleq Kuznetsov: “Jirinovski həyasız və məqsədsiz bir siyasətçidir” – ÖZƏL

31029

“Mən 20 ildən çoxdur ki, Cənubi Qafqaz regionunun tarixini və orada gedən siyasi prosesləri öyrənirəm. Bu müddət ərzində Vladimir Jirinovski ən azı 10 dəfə Azərbaycana qarşı bu cür mövqedə çıxış edib. Bu hər zaman Azərbaycan cəmiyyətində çox böyük narazılığa səbəb olub. 2005 -2006-cı illərdə hətta bir qrup azərbaycanlılardan ibarət Moskvalı vəkillər onu Azərbaycana qarşı etdiyi təhqirə görə məsuliyyətə cəlb etməyə çalışırdılar. Məhkəmə isə Jirinovskinin xeyrinə nəticələndi”.

Bu fikirləri Bizim.Media-ya özəl açıqlamasında rusiyalı politoloq Oleq Kuznetsov deyib.

O, bildirib ki, indiyə qədər heç vaxt Vladimir Jirinovskinin sərsəm çıxışları Azərbaycan Rusiya əlaqələrinə təsir etməyib. 

“Hər iki ölkənin liderləri Vladimir Putin və İlham Əliyev hər zaman bu cür qalmaqallardan ucada dayanıblar və heç vaxt Jirinovski kimilərin sözlərini ciddiyə almayıblar. Jirinovskinin bütün çıxışları hər zaman xüsusi hazırlanmış ssenari üzərində qurulur”.

Politoloq Azərbaycanın Rusiyaya verdiyi Nota barədə də söz açıb. O, bildirib ki, bu cür hadisə birinci dəfədir yaşanır. 

“İndiyə qədər Vladimir Jirinovskinin bu cür sayıqlamalarına görə dövlət səviyyəsində Azərbaycandan Rusiyaya qarşı heç bir xəbərdarlıq edilməyib. Lakin bu dəfə bu ciddi rezonans doğurub və nəticədə Azərbaycan Rusiyaya nota verib. Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq, ona xəbərdarlıq edilib. Düşünürəm ki, bundan sonra bu cür məsələlərə ciddi yanaşmaq lazımdır”.

Söhbət əsnasında siyasi analitik qeyd edib ki, Jirinovski hər zaman qeyri adekvat hərəkətləri ilə seçilib.

“Rəsmi Bakı yaxşı bilir ki, bu insanın psixoloji, emosional pozğunluğu var. Bundan başqa Jirinovski bu yolla Rusiya siyasətində hələ də mövcudluğunu isbatlamaq istəyir. O, bu yolla qarşıda gələn seçkilərdə özünə diqqət cəlb edib, ətrafında qalmaqal yaratmaq istəyir. Bu fonda o, seçkiərdə əlavə səs toplamaq istəyir. Jirinovskinin siyasəti Ermənistan baş naziri əvəzi Nikol Paşinyanın fəaliyyətindən heç də seçilmir. O da Paşinyan kimi populistdir. O, həyasız və məqsədsiz bir siyasətçidir. O, hər zaman öz mövqeyini güdən ancaq öz maraqlarını düşünən biri olub”. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin