İranda SU BÖHRANI – Tehran günahkar axtarır

Hazırda oxunan: İranda SU BÖHRANI – Tehran günahkar axtarır

30858

İllərdir dünya gündəmini zəbt edən mövzulardan biri də su qıtlığı problemidir. Dünya əhalisinin sürətli artımı, qlobal istiləşmə, israfçılıq kimi səbəblərin qabardılan məsələ isə get-gedə daha da acınacaqlı hal almaqdadır. 

Su probleminin cəngində olan ölkələrdən biri də İrandır. Sözügedən məsələ səbəbindən cənub qonşumuzun əhalisi həftələrdir aksiyalar təşkil etməkdədir.

Tehran hökuməti isə, problemi həll etmək və ya səhvlərini boynuna almaq əvəzinə günahı başqalarının üzərinə atır. Belə ki, İran lideri kimi vəzifəsinin son günlərini yaşayan Həsən Ruhani mövzu ilə bağlı səsləndirdiyi fikirlərdə Türkiyəni ittiham edib. Prezident açıqlamasında rəsmi Ankaranın Dəclə və Fərat çayları üzərində inşa etdiyi bəndlərin bölgədə su qıtlığı yaradan əsas faktor olduğunu iddia edib.

Türkiyə, həqiqətənmi müqəssirdir?

Lakin vəziyyət heç də Həsən Ruhaninin qeyd etdiyi kimi deyil. Belə ki, rəsmi Ankaranın ərazisində tikdiyi bəndlər beynəlxalq konvensiyalara uyğun şəkildə fəaliyyət göstərir. Qeyd edək ki, beynəxalq hüquqa əsasən çay mənbəyini hansı ölkədən götürürsə, həmin ölkənin su hövzəsinin 50%-ni istifadə etməyə tam haqqı çatır. Türkiyə də buna uyğun olaraq, Dəclə və Fərat çaylarında yerləşən bəndlərdən saniyədə 350 kubmetr su buraxmaqla digər ölkələrin də ehtiyaclarını nəzərə alır. 
 

MÖVZU İLƏ BAĞLI:

SU ÜSYANLARI: İrandakı etirazlar nədən xəbər verir?


İranın özü isə əksinə, ərazisindəki su mənbələrindən beynəxalq hüquqa zidd şəkildə istifadə edir. Belə ki, rəsmi Tehran uzun illərdir İraqa gedən suyun böyük bir qismini kəsməklə, qonşusuna ciddi problemlər yaradır.

Bəs, problemin əsas səbəbi nədir?

Əslində İran su mənbələri ilə zəif təmin olunmuş ölkədir və qeyd olunan problemlə uzun illərdir ki qarşı-qarşıyadır. Cənub qonşumuzun ərazisinin böyük hissəsi səhra və yarımsəhralardan təşkil olunub. Eyni zamanda rəsmi Tehranın özü də sözügedən istiqamətdə doğru siyasət yürütmür. Qeyd edək ki, Molla rejimi hakimiyyətə gəldikdən sonra ölkədə olan 19 su bəndinin sayı 195-ə çatıb. Bu isə hidroehtiyatların böyük həcminin bəndlərdə toplanaraq buxarlaşmasına və ciddi həcmdə itkilərə səbəb olur.

Qeyd olunan problem, Cənubi Azərbaycanda da ciddi şəkildə görülməkdədir. Belə ki, Yaxın Şərqin ən böyük gölü olan Urmiya öz su ehtiyatlarının demək olar ki, 90%-ni itirib. Nəticədə bölgədəki vəziyyət ekoloji fəlakət həddinə çatıb.

İranı su problemi ilə qarşı-qarşıya qoyan digər bir səbəb isə, demoqrafik məsələlərdir. Əhali sayındakı artım və qeyri-bərabər urbanizasiya prosesi daha çox sudan istifadəyə gətirib çıxarır. 

Sadalanan insan faktorlarından əlavə qlobal istiləşmə də hidroehtiyatların getdikcə tükənməsində əsas amillərdəndir.

Su müharibələrinin ilk siqnalları

Sərhəd çaylarından istifadə zamanı yaranan problemlər arasında İran-Türkiyə qalmaqalı, təbii ki, ilk deyil. Daha əvvəl digər Yaxın Şərq və Şimali Afrika ölkələri arasında da oxşar problemlər meydana çıxıb. Hər ölkənin ən təbii ehtiyac olan su ilə bağlı özünə görə haqlı səbəbləri olsa da danışıqlar yolu ilə problemin həllinə nail olmaq yerinə, bir-birilərini ittiham etmək çözüm yolu ola bilməz.

Rəsmi Tehran isə ölkədə davam edən sərt etirazlar fonunda yaxın müddətdə problemin həllinin mümkünsüz olması səbəbindən xalqı sakitləşdirmək üçün sözügedən metoda əl ataraq günahı başqalarının boynuna yıxmağa çalışır. 

Lakin bu və ya digər səbəbdən asılı olmayaraq, su qıtlığı kimi qlobal bir problemin mövcudluğu və gələcək dövrlərdə savaşa səbəb olacağı inkar edilə bilməz. Təbii ki, İran və Türkiyə arasında qarşıdurmaların yaranacağını iddia etmək üçün hələlik çox tezdir.

Buna baxmayaraq hidroehtiyatlar səbəbindən meydana çıxan ittihamların da gələcək rəqabətin və qarşıdurmaların ilkin xəbərçisi olduğu istisna edilmir.

Bu səbəbdən də, bütün qlobal problemlərdə olduğu kimi su qıtlığı üçün də dünya ölkələrinin birlikdə hərəkət etməsi olduqca vacibdir. Çünki bu gün İranda baş verənlərin sabah digər bir ölkədə baş verməyəcəyinin qarantını heç kim verə bilməz.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin