ABŞ rəsmisi “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış oldu - FOTO

Hazırda oxunan: ABŞ rəsmisi “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış oldu - FOTO

30399

ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edib.

Bizim.Media xəbər verir ki, bu barədə  Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumata görə, nazirliyin təşkilatçılığı ilə baş tutan səfər zamanı qonaqlar “Ağıllı kənd” pilot layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.

Rayonun 1-ci Ağalı kəndində tikinti sahəsinə gedən ABŞ heyətinə layihə ilə bağlı təqdimat keçirilib. Bildirilib ki, layihə Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən 5 komponent üzrə aparılır. Bu komponentlər yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələrini əhatə edir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. “Ağıllı kənd”də evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq.

Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq.

Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

Qubernator Stitt rəhbərlik etdiyi ştatda istehlak olunan enerjinin xeyli hissəsinin alternativ enerji mənbələri hesabına formalaşdığını deyib, layihədə alternativ enerji mənbələrindən istifadəni yüksək qiymətləndirib, görülən işlərlə yerində tanış olmaq imkanı qazandığına görə məmnun qaldığını bildirib.

Oklahoma ştatının nümayəndə heyəti Kənd Təsərrüfatı Nazirliyinin dəvəti ilə ölkəmizdə səfərdədir.

Ştat qubernatoru Con Kevin Stittin rəhbərlik etdiyi heyətə ABŞ Milli Qvardiyasının general mayoru, ştatın general-adyutantı Maykl Tompson, briqada generalı Con Harrison və digər rəsmi şəxslər daxildir. Nümayəndə heyəti səfər çərçivəsində Bakıda çoxsaylı görüşlər keçirib, Hacıqabul və Qobustan rayonlarına da səfər edib. Sabah nümayəndə heyətinin Gəncə şəhərinə səfəri nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin