Təxminən 2 il əvvəl belə bir məlumat yayıldı ki, Türkiyədə yaşayan azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun sahibi, “Xəzər Lənkəran” futbol klubunun fəxri prezidenti Mübariz Mənsimov Masallıdakı stadionu alıb. M.Mənsimovun Masallıda futbol akademiyası açacağı da bildirilirdi. Həmin vaxt bu məlumatı mətbuata verdiyi açıqlamada “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov da təsdiqləmişdi. T.Nadirov bildirmişdi ki, ən yaxın vaxtlarda stadionda əsaslı təmir işlərinə başlanılacaq.
Bu məlumat Masallı əhalisini də sevindirmişdi. Əslən Masallıdan olan M.Mənsimov öz doğma rayonuna indiyə qədər bir manat da yatırım qoymayıb. Əhali düşünürdü ki, M.Mənsimovun Masallıda futbol akademiyası açması bu işin başlanğıcı olacaq, bölgədə canlanma yaranacaq, yeni iş yerləri açılacaq.
Ancaq üstündən iki il keçməsinə baxmayaraq stadionun ərazisində heç bir iş görülməyib. M.Mənsimov aldığı stadionu yalnız hasara aldırıb, vəssalam.
Bəs görəsən, M.Mənsimovu doğulub boya-başa çatdığı Masallıda iş görməkdən nə çəkindirir?
Virtualaz.org bununla bağlı ilginc məlumatlar əldə edib. Mənsimovlar ailəsinə yaxın şəxsin saytımıza verdiyi məlumata görə, Mübariz Mənsimov Masallıya sabiq deputat, hazırda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı olan Əhəd Abıyevin qorxusundan daxil ola bilmir. Mənbə bizə bildirdi ki, əslində Mənsimov Azərbaycana yeni gələrkən elə öz doğma rayonunda stadion tikmək, futbol klubu yaratmaq fikrində olub. Həmin vaxtlar isə Masallının icra başçısı Oqtay Əliyev olub. Polis zabiti olan bu şəxsi Masallıda “Abıyevlərin yefreytoru” adlandırırdılar.
İddialara görə, həmin vaxt Mənsimovun Masallıda stadion tikməsi, biznes qurması üçün Abıyevlər ondan 3 milyon dollar “haqq” tələb ediblər. Belə münasibətdən inciyən M.Mənsimov da Lənkərana üz tutub.
Xatırladaq ki, Abıyevlər o vaxtlar özlərini nəinki təkcə Masallının, ümumiyyətlə, bütün cənub bölgəsinin sahibi sayırdılar. Onlar Masallıda hər şeyə nəzarət edir, yerli sakinlərin obyektlərini, torpaq sahələrini mənimsəyir, İstisu istirahət mərkəzindəki əlverişli yerləri zorla əhalinin əlindən alaraq özəlləşdirirdilər. Rayona yatırım qoymaq istəyən, Rusiyada və başqa xarici ölkələrdə yaşayan masallılılar isə “narkobaron” damğası yapışdırılmaq hədəsi ilə şantaj edilirdi.
“Sonradan Masallıya icra başçısı təyin edilən Qəzənfər Ağayev Abıyevlərin qarşısını aldı, Masallını Əhəd Abıyev xofundan qurtardı. Elə Qəzənfər Ağayevdən sonrakı icra başçısı Rafil Hüseynov da Masallının bəlası olan Abıyevlərə üz vermədi” - deyə məlumatı verən qaynağımız bildirir.
Xəbərlərə görə, Ə.Abıyevin bu hədəsindən sonra Masallıda futbol akademiyasının tikilməsi, stadionun təmiri təxirə salınıb. Mənsimovların hasara saldığı stadionda indi qoyun-quzu otlayır.
Masallı sakinləri isə Mübariz Mənsimovun Əhəd Abıyevdən qorxmasını ironiya ilə qarşılayırlar. Rayon sakinləri arasında belə fikir var ki, M.Mənsimov ya Abıyev xofundan qurtulsun, ya da stadionu geri, rayon camaatına qaytarsın.
Məsələ ilə bağlı “Palmali” və “Xəzər Lənkəran” rəhbərliyinin də mövqeyini öyrənmyə cəhd etdik. Ancaq hazırda komanda ilə birgə Maltada olan rəsmilərlə əlaqə yaratmaq mümkün olmadı. Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.


































































































