Dünən Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin anadan olmasının 75 illiyi münasibətilə Rəşid Behbudov adına Mahnı Teatrında düzənlənən tədbirdə KXCP sədri Mirmahmud Mirəlioğlunun AXCP sədri Əli Kərimliylə çiyin-çiyinə oturması diqqətdən qaçmadı. Xatırladaq ki, hər iki siyasi lider Rəsulzadə-Elçibəy yolunda olduqlarını iddia etsələr də xeyli vaxt idi ki, küsülü idilər və ara-sıra mətbuatda tikanlı açıqlamalarla bir-birinə atmacalarından da qalmırdılar. İndi onların yanaşı əyləşməsi bu küsülülüyün sona çatması anlamına gəlirmi?
Moderator.az saytının bununla bağlı sualını cavablandıran KXCP sədri bildirdi ki, o Elçibəy məclisində iştirak edən hər kəsin kiçiyidir: “Elçibəy mənim böyüyüm idi və mən də onun adıyla olan məclislərdə iştirak edənlərin ən kiçiyinin kiçiyiyəm.”































































































