Paşinyanın ZAVOD əməliyyatı -  Oxçuçayda son BAŞ VERƏNLƏR 

Hazırda oxunan: Paşinyanın ZAVOD əməliyyatı -  Oxçuçayda son BAŞ VERƏNLƏR 

29649

İşğaldan azad olunmuş ərazilərin ekoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə Zəngilan rayonu ərazisindən keçən Oxçuçayda keçirilən növbəti monitorinq zamanı 500-dən çox farel və digər balıqların öldüyü aşkar edilib. Çaydan götürülmüş su nümunələrində mis, molibden, manqan, dəmir, sink, xrom və s. kimi ağır metalların miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən olunub. Monitorinq və analizlərin nəticələri, eyni zamanda çayda balıqların kütləvi məhv olması faktları çayın Ermənistan ərazisindəki Qacaran mis-molibden zavodu və Qafan mis filiz saflaşdırma kombinatının toksiki tullantıları ilə çirkləndirilməsini bir daha təsdiq edir.

Bizim.Media xəbər verir ki, bu informasiyanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 mart 2021-ci il tarixində bölüşüb.

İyulun 3-də isə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb ki, Ermənistandan Azərbaycana axan Oxçuçay ətraf mühit faciəsini üzə çıxarır:

"Su mədənçiliyin ən geniş yayılmış qurbanı hesab olunur. Ermənistandan Azərbaycana axan Oxçuçay ətraf mühit faciəsini üzə çıxarır. Ermənistandakı mədən sənayesi ilə əlaqədar Oxçuçayda ağır kimyəvi çirklənmə qeydə alınıb. Məsul şirkətlər öz fəaliyyətlərini dayandırmalıdır" 

Bununla yanaşı, iyulun 8-də erməni polisləri Qacaranın meri Manvel Paramzyanın evində və Zəngəzur mis-molibden zavodunda axtarışlar həyata keçirib. Çox adam bir anlıq düşündü ki, bu axtarış və həbslər Paşinyanın Oxçuçayı zəhərləyənlərə qarşı cəza tədbiridir. Amma reallıq başqadır. Çünki Nikol bu həmlələrlə Koçaryana yaxın olan məmurları vəzifələrindən uzaqlaşdırır. 

Bəs, Oxçuçayla bağlı məsələ nə yerdədir? Zavod dayandırıldımı? 

İnternet araşdırmalarımızdan anlaşılan budur ki, Oxçuçayı zəhərləyən zavod fəaliyyət göstərir və hələ 150 il də çalışmağa qadirdir. Çünki filiz ehtiyatları buna imkan verir. Bundan əlavə, zavodun fəaliyyət göstərdiyinə dəlalət edən səbəblərdən biri də odur ki, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Oxçuçayla bağlı son xəbəri elə martın 10-da paylaşıb. Digər tərəfdən, erməni mətbuatına istinad etsək, Paşinyan Qacaranda kadr islahatları aparır və zavodu Koçaryan kadrlarından təmizləyir.

Amma bu, Oxçuçayın tullantılardan təmizlənməsi, yaxud sığorta olunması demək deyil. 

Çünki ermənilərin orada fəaliyyət göstərməsi, ümumən zavodun köhnə üsullarla işləməsi Oxçuçayın zəhərlənməsi, onun vasitəsilə Zəngilan və Cəbrayıl rayonlarının da ekoloji fəlakətlə üzləşməsi deməkdir. Bundan başqa Oxçuçay Araza tökülür deyə İranın da sərhədboyu əraziləri bu faciənin hədəfindədir.

Ermənilərin “Oxçuçay genosid”i dünyanın ən böyük gölü olan Xəzər dənizini də əhatə edir. Yəni, erməni cinayətlərindən ziyan görənlər arasında Xəzəryanı dövlətlər də var. 

Ətraf mühiti mühafizəyə çağıran Avropa isə təbiəti dağıdanlara 2.6 milyard avro yardım edib. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin