Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Naftalan Mərkəzi Sanatoriyasının açılış mərasimində iştirak edib.
Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına sanatoriya haqqında məlumat verilib.
Qeyd edək ki, Naftalanın tarixində dönüş mərhələsi 1970-1990-cı illərə təsadüf edir. Həmin dövrdə ümummilli lider Heydər Əliyev şəhərin inkişafı və böyük şöhrət qazanması üçün misilsiz xidmətlər göstərib.
Belə ki, o illərdə şəhərdə müxtəlif sosial və iqtisadi təyinatlı müəssisələr tikilib istifadəyə verilib. Sonrakı dövrdə isə Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və həyata keçirilən proqramlar sayəsində Naftalan şəhəri turizm sektorunda ön sıralara yüksəldi. Şəhərin əsasını sanatoriya–kurort infrastrukturu təşkil edir.
MÖVZU İLƏ BAĞLI:
Prezident Naftalan şəhər hava limanında oldu
Son illər müasir əsaslarla yeni kurortların yaradılması ilə şəhərin turizm potensialı genişləndirilir, sahibkarlığın inkişafı üçün münbit şərait formalaşır. “Naftalan Mərkəzi sanatoriyası” da belə layihələrdəndir biridir.
Ölkədə sağlamlıq turizminin əhatə dairəsini daha da genişləndirən, bir hektar ərazidə yerləşən sanatoriya müalicə üçün bu məkana üz tutan vətəndaşların məmnunluğunu tam təmin edəcək şəraitə malikdir. Mərkəz bir çox terapiya sahələrini özündə birləşdirməklə müxtəlif xəstəliklərin müalicəsi üçün sağlamlıq-profilaktik müəssisəyə çevrilir.
Yeni müəssisədə 50 nəfərə yaxın personalın çalışması şəhər əhalisinin məşğulluğunun təmin olunmasına mühüm töhfədir.
Ümumilikdə, Naftalanda fəaliyyət göstərən kurort–sanatoriya müəssisələrində 1000 nəfərdən çox şəxs işlə təmin olunub ki, bu da şəhərdə işsizliyin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır. Hazırda fəaliyyət göstərən müəssisələr gün ərzində 3000-ə yaxın turist qəbul etmə imkanına malikdir. Son illərdə Naftalan şəhərində müasir tələblərə cavab verən 10-dan çox istirahət və sağlamlıq mərkəzi istifadəyə verilib.
2021-ci ildə daha 4 sanatoriya kompleksinin açılışı nəzərdə tutulur. Bu da gələcəkdə yeni iş yerlərinin açılması və daha çox turist qarşılanması deməkdir. Qeyd edək ki, müalicə müəssisələrinə gələn qonaqların sayında ən yüksək göstərici 2019-cu ildə qeydə alınıb, həmin ildə 60 ölkədən 12000-dən çox, ümumilikdə isə 40000-ə yaxın turist gəlib.
Diqqətə çatdıraq ki, 2020-2021-ci illərdə koronavirus pandemiyası turizm sənayesinə də təsir etdiyindən rəqəmlərdə azalma müşahidə olunub.
Lakin bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə Naftalanın turizm sektorunda yenidən canlanma hiss edilir. Belə ki, son bir ayda sanatoriyalara 2000-ə yaxın turist gəlib.
Beləliklə, şəhər infrastrukturunun yenilənməsi, yeni sağlamlıq-istirahət mərkəzlərinin istifadəyə verilməsi yerli və xarici turistlərin Naftalana olan marağını postpandemiya dövründə daha da artıracaq.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Naftalan Mərkəzi Sanatoriyasının açılış mərasimində iştirak edib.
Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına sanatoriya haqqında məlumat verilib.
Bildirilib ki, köhnə avtovağzal binası sökülərək yerində 2014-cü ilin may ayında Naftalan Mərkəzi Sanatoriyasının inşasına başlanıb. Sanatoriya kompleksində tikinti işləri 2021-ci ilin yanvar ayında başa çatdırılıb.
Bizim.Media