Azərbaycanın qələbəsiylə tamamlanan müharibədən sonra ən çox hallanan, müzakirə və polemika predmetinə çevrilən məsələ diversantların qaytarılması və sərhədlərin müəyyənləşdirilməsidir.
Bütün problemlərin həllinə sığorta olan digər mühüm mövzu isə Zəngəzur dəhlizinin açılmasıdır.
Koridorun açılması Ermənistanın blokada ilə vidası, iqtisadi pluslar, Azərbaycanın Naxçıvan və Türkiyə ilə quru əlaqələrinin cümhuriyyət dövründən (1918-1920) bu yana yenidən bərpasıdır.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi barədə Rusiya XİN-dən AÇIQLAMA
Qarabağ müharibəsinin Zəngəzur planı
Zəngəzur dəhlizi 44 günlük savaş başlayan andan Azərbaycan siyasi rəhbərliyinin nəzərində var. Koridorun açılmasına nail olmaq Ankaranın da Bakıya dəstəyini şərtləndirən amillərdən idi, çünki Zəngəzur bütün türk dünyasına açılacaq cığırdır. Vətən müharibəsində sezilən digər reallıq odur ki, Azərbaycan ordusu Murov zirvələri vasitəsilə Kəlbəcərə nəzarətə yiyələndikdən, Füzulidən Laçına qədər, ardınca Hadrut və Şuşanı azad etdikdən sonra Ermənistanı çıxışsız labirintə sala bilərdi.
Onsuz da mühasirədə olan separatçıları tamamilə məhv etmək üçün Laçın koridorunu tutmaq gözlə görəcək qədər aydın və asanıydı. Lakin belə olan halda bir dəhlizə görə digəri əldən çıxa bilərdi. Bakı isə üçtərəfli bəyanata Zəngəzur koridoru kimi şərtləri daxil etməklə ikisinə də nail oldu.
Növbəti savaş Ermənistan ərazisində ola bilər...
Bu müharibənin olmaması üçün İrəvandan tələb olunan altına qol çəkdikləri sənədin şərtlərinə əməl etməkdir. Müddəalar arasında ən prioriteti isə Zəngəzur koridorunun açılmasıdır. Paşinyan hökuməti dəhlizin açılmasından narahatdır. Çünki onların sülhməramlılarla saziş şərtləri Azərbaycandan fərqlidir. Məsələn Bakı Laçın koridorunu rus sülhməramlılarının nəzarətinə 5 illik veribsə, Ermənistan Zəngəzurda missiyanın kontroluna müddətsiz olaraq imza atıb. Yəni, Azərbaycan tərəfinin sülhməramlılardan imtinası olmasa, ruslar Zəngəzur təhlükəsizliyinə istədikləri qədər nəzarət edəcəklər.
Hətta Makron Fransasının dəstəyilə Ermənistan Rusiyaya Zəngəzurda "veto" qoysa, bu da növbəti müharibənin Ermənistan ərazisində baş verməsini asanlaşdıracaq. Yetər ki, Nikolu cəzalandırmaq üçün Kreml Ermənistanı KTMT-dən çıxarsın, Gümrüdəki hərbi bazalarının fəaliyyətini dayandırsın və ermənilərin sərhəd cavabdehliyini yığışdırsın. Əlbət, Zəngəzur dəhlizinə nəzarət Rusiya üçün də "iqtisadi cek-pot" olduğundan Kreml bu koridoru Paşinyanın loto xanalarına dəyişməz.
Ermənilər hər şeylərini itirməklə üz-üzədir.
Hazırda Makron-Paşinyan mehribanlığı fonunda Ermənistanda ciddi panika mövcuddur. Çünki ermənilər anlayırlar ki, "uzaq qohumdansa, yaxın qonşu yaxşıdır". Belə qonşularından biri olan Rusiyanı Nikolun qərbyönümlü planları qane etmir. Bu isə Moskvanın siyasi perspektivlərini daha çox Bakı ilə qoşalaşdırmasına gətirən səbəblərdəndir.
İrəvana əl tutan digər yaxın qonşuları İran da ermənilərin əllərindən çıxmaq üzrədir. Yoxsa Ermənistan parlamenti hay-həşir salmazdı. Belə ki, İranın yeni prezidenti İbrahim Rəisinin Azərbaycanın lideri İlham Əliyevi torpaqların azad olunması ilə bağlı təbrik etməsi erməniləri qorxuya salıb.
"Çiçəklənən Ermənistan" partiyası bunu Tehrandan İrəvana dəyən şillə kimi səciyyələndirib. Arman Abovyanla yanaşı Koçaryan da sözügedən təbriki Paşinyanın yarıtmaz siyasətilə əlaqələndirib.
Yəni, regiondakı qlobal layihələrin iştirakçısı olmaq üçün Türkiyə, Rusiya və İranın səyləri varkən Ermənistanın Zəngəzurdan gözqaçırtmaları mənasızdır. Nəticədə görünən odur ki, hər şey Zəngəzurda dirəndiyi üçün İrəvan da "tupik"ə dirənir.
Ermənilər Zəngəzur koridoruna mane olmaq istəsələr, yeni tapınaqları olan Eyfel qülləsinə səsləri də gedib çatmayacaq. "Dəmir yumruq" bu dəfə Ermənistanı silkələyəcək.
Anar Rəhimov, Bizim.Media