“Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan köməkçisi Qaqik İsaxanyanı “dörd günlük işgüzar səfərlə” Qarabağa niyə göndərib? Görünür, Paşinyan bununla həm Qarabağdakı ermənilərin, həm Azərbaycanın, həm də Rusiyanın nəbzini yoxlamaq istəyir”.
Bizim.Media xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
MÖVZU İLƏ BAĞLI:
Xankəndi erməniləri azərbaycanlı deputata MÜRACİƏT ETDİLƏR: “Bizə qaydaları deyin”
Politoloq bildirib ki, Paşinyan keçmiş illərdə nə vaxt kefi istədi özü gələrdi Qarabağa, ancaq müharibədən sonra bu gəlişin ciddi riskləri var:
“Birincisi, Qarabağ ermənilərinin əksər hissəsi müharibədəki məğlubiyyətə görə Paşinyanı günahkar sayırlar və onun Xankəndinə gəlişi etirazla qarşılanacaq. İkincisi, Paşinyan Xankəndinə səfər məsələsində Moskvadan da asılıdır, Kremlin icazəsi alınmalıdır. Üşüncüsü, Paşinyanın Xankəndinə mümkün təxribatçı səfərinə Azərbaycanın da reaksiyası həlledici olacaq. Bütün bunları nəzərə alan Paşinyan özündən əvvəl köməkçisini göndərir ki, Qarabağ ermənilərinə bununla “mən sizi unutmamışam” demək istəyir”.
Siyasi ekspertin fikrincə, Rusiyanın və Qarabağ ermənilərinin Paşinyanın Xankəndinə mümkün “səfərinə” reaksiyası bizi az maraqlandırmalıdır:
“Söz sahibi biz olmalıyıq və indidən həm Moskvaya, həm də İrəvana mesaj göndərməliyik ki, Nikol Paşinyan Xankəndinə gələrsə bu bölgədəki vəziyyəti gərginləşdirəcək və Azərbaycanı müvafiq addımlar atmağa məcbur edəcək. Bu açıqlamanı rəsmilərimiz və ya Xarici İşlər Nazirliyimiz bəyanat formasında indidən səsləndirməlidirlər ki, Moskva və İrəvan hesablarını götürsünlər, əks halda erməni rəsmiləri sərhəddimizi pozmaqda davam edəcəklər”.
Bizim.Media