ABŞ qüvvələrinin Əfqanıstanı tərk etməsinin ardından ölkədə sular durulmaq bilmir. Belə ki, Əsas maneəsi olan Qərbin bölgəni tərk etməsini fürsət bilən Taliban ölkənin bir sıra iri şəhərlərini və sərhəd bölgələrini nəzarətə götürməyə başlayıb.
Vəziyyətin bu cür inkişaf etməsi isə, Əfqanıstanın Şimal qonşusu olan Tacikistan üçün ciddi narahatlıq doğurub.
KTMT-yə üzv olan rəsmi Düşənbə yardım üçün sözügedən təşkilata müraciət ünvanlayıb və rəsmi Moskvadan məsələ ilə bağlı müsbət cavab gəlib. Rusiya xarici işlər naziri Sergey Lavrov verdiyi açıqlamada Tacikistana qarşı hücum olacağı təqdirdə, üzv dövlətə yardım məsələsinin KTMT-də müzakirəyə çıxarılacağını bildirib.
Nəticədə isə bölgədə əvvəlkindən çox daha kritik vəziyyət yaranıb.
Xatırladaq ki, ABŞ-ın Əfqanıstanı tərk etməsinin ardından Türkiyə bölgədə sülhməramlı missiyanı davam etdirəcək. Rusiyanın müdaxilə ehtimalını da diqqətdən kənar qoymasaq, Ankara və Moskva arasında növbəti duelə məhz Əfqanıstanda şahid ola bilərik. Vəziyyətin bu cür cərəyan etməsi isə, tək bir düşüncəni - ABŞ-ın qeyd olunan iki ölkəni qarşı-qarşıya gətirmək üçün Əfqanıstandan çəkildiyi ehtimalını qabardıb.
O zaman isə belə bir sual ortaya çıxır: Bəs, hər şey ABŞ-ın istədiyi kimi gedərsə, proseslər necə cərəyan edəcək?
Təbii ki, müharibənin heç vaxt bitmədiyi Əfqanıstanda Suriya və Liviyada olan vəziyyətin yaranması ehtimalları yüksəkdir. Çünki bölgədə maraqlı aktorlar sadəcə Türkiyə və Rusiyadan ibarət deyil. Digər region ölkələri olan İran, Pakistan və Çinin də Əfqanıstanda nüfuz qazanmaq üçün əlinə düşən fürsətləri boşa verməyəcəyini güman etmək olar.
Lakin bizim üçün daha maraqlı olan məqam, Türkiyə və Rusiyanın nüfuzlarının toqquşma meydanlarından biri olan Cənubi Qafqazda nələrin baş verəcəyidir. Regionumuzdakı geosiyasi duruma nəzər saldıqda isə görə bilərik ki, Ankara-Moskva mübarizəsinin dünyanın hansı bölgəsində baş versə də Azərbaycandan yan keçməyəcək.
Xüsusilə də, hazırki situasiyada Cənubi Qafqazda hər şeyin öz axarı ilə davam edəcəyi ehtimalı xeyli azdır.
Belə ki, Regionun əsas problemi olan Qarabağ münaqişəsinin tarxiə qovuşmasının ardından yeni meydana çıxan geosiyasi mənzərədə bölgəyə ən güclü təsir “rıçak”larına malik iki ölkənin olduğu aydın şəkildə görünür. Həm Türkiyə, həm də Rusiya müxtəlif manevrlər etməklə bölgədə əsas söz sahibi olmağı və davam edən normallaşma prosesini öz lehinə çevirməyi planlaşdırırlar.
Lakin digər regionda baş verən maraq toqquşması, Cənubi Qafqazla bağlı tərəfləri daha sərt addımlar atmağa vadar edə bilər. Belə olan təqdirdə isə, yeni qarşıdurmaların baş verməsi ehtimalı az olsa belə, müxtəlif iqtisadi və siyasi manevrlərin vəziyyəti yumşaltmaq əvəzinə daha da gərginləşdirməsi reallığa çevrilər. Eyni zamanda, 44 günlük müharibədən sonra əldə olunmuş irəliləyişlərin kənara atılıb hər şeyin “sıfır” nöqtəsindən başlaması və gələcək üçün planlaşdırılan Zəngəzur dəhlizi kimi regional proyektlərin müxtəlif maneələrlə qarşılaşmasına səbəb ola bilər.
Lakin bütün sadalananların baş vermə ehtimalı o qədər də yüksək deyil. Belə ki, daha öncə də Suriya, Liviyada qarşı-qarşıya gəlmiş Rusiya və Türkiyə, bütün baş verənlərə rəğmən əməkdaşlıqlarını günbəgün inkişaf etdirməyi bacarıblar.
Eyni zamanda, hər iki tərəfin Qərbin planını dərk edərək, yeni qarşıdurmaya gedəcəkləri də real görünmür. Çünki Türkiyə rəsmiləri öz açıqlamalarında bölgəyə sülh üçün getdiklərini, Rusiya rəsmiləri isə Əfqanıstana girməklə bağlı planları olmadığını dəfələrlə bəyan ediblər.
Bu arada, ABŞ Əfqanstanı tərk edər, etməz Rusiyanın terrorçu qruplaşma kimi tanıdığı Taliban rəhbərliyinin Moskvada jurnalistlər üçün mətbuat konfransı düzənlədiyini də nəzərdən qaçırmaq olmaz. Ardı olacaq...
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:30 / 10.07.2021
Əfqanıstanda NÖVBƏLƏŞMƏ: ABŞ yerini Rusiyaya verir?
Hazırda oxunan: Əfqanıstanda NÖVBƏLƏŞMƏ: ABŞ yerini Rusiyaya verir?
Hazırda oxunan: Əfqanıstanda NÖVBƏLƏŞMƏ: ABŞ yerini Rusiyaya verir?
28120
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.