Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Qarabağ qələbəsinin Naxçıvanın əhəmiyyətini artıracağını bildirib. Muxtar Respublika ilk öncə regionun, gələcək perspektivdə isə Türk dünyasının mərkəzinə çevriləcək. Çünki Qələbənin "Türk qapısı" adlandırılan Naxçıvanın strateji əhəmiyyəti ön plandadır.
“Qardaş Türkiyə Respubliklasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının Vətən Müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə nəticəsində Naxçıvanın daha böyük perspektivlərə malik olacağı və həm də türk dünyasının mərkəzinə çevriləcəyilə bağlı fikirləri həqiqətə söykənir”deyən millət vəkili Elman Nəsirov hesab edir ki, bu fikirlərin arxasında çox ciddi faktlar dayanır.
Bizim.Media ilə müsahibə zamanı deputat bildirdi ki, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın əhəmiyyəti daha da artır.
MÖVZU İLƏ BAĞLI:
İranın İsrail PROBLEMİ: Tehran cüt “sə”yə oynayacaqmı?
Koridorun açılması ilə bağlı işlərin getdiyini vurğulayan Elman Nəsirov fakt kimi Ordubad-Naxçıvan dəmiryol xəttinin fəaliyyət göstərdiyini və natamam hissəsində də işlərin getdiyini açıqladı:
“Eyni zamanda Horadiz-Ağbənd dəmir yolu xəttinin çəkilişinə başlanılıb. Ağbənd Ermənistanla sərhədə yerləşir. Nəticədə söhbət 40 kilometrlik Zəngəzur dəhlizindən gedir. Koridorun açılması ilə Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasında nəqliyyat əlaqəsi bərpa edilmiş olur. Bu da Naxçıvan üçün çox böyük iqtisadi və siyasi dividendlər gətirir. Azərbaycanın qardaş Türkiyə dövlətilə əlaqələri üçün yeni imkanlar yaranır, əlavə yol açılır. Bu isə bütün sferalarda Azərbaycan-Türkiyə əməkdaşlığının genişləndirilməsinə gətirib çıxarır.
Təbii ki, Türkiyənin də regionda çəkisini artırır. Bunun üçün Naxçıvanın da böyük potensialı var.
Muxtar Respublika ciddi infrastruktura malikdir. Gözəl dəmiryol, avtomobil yolu xətləri fəaliyyət göstərir. İqtisadi potensialı böyükdür, eyni zamanda demoqrafik resursları kifayət qədər mövcuddur və Türkiyə ilə də qonşudur. Bütün bu reallıqları nəzərə alsaq, cənab səfirin söylədiyi kimi, yeni reallıqlar fonunda Naxçıvanın əhəmiyyəti daha da güclənmiş oldu. Bu gün Naxçıvan türk dünyasını birləşdirən bir körpüyə çevrilməkdədir”.
Bizim.Media