21-ci əsrin Soyuq Müharibəsində istiləşməyə doğru önəmli addım olacağı düşünülən ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Valdimir Putin arasında Cenevrədə keçirilən görüşün tərəflər arasında ab-havanı az da olsa normallaşdıracağı güman olunsa da, bunun tam əksi baş verdi. Müzakirələrin uğurlu keçdiyi, hər iki lider tərəfindən bildirilsə də, görünən odur ki, tərəflərin açıqlamaları səmimiyyətdən xeyli uzaq olub.
Son günlərdə Qərblə Kreml arasında artan gərginlik, yeni addımlarla daha da böyüməkdədir. NATO-nun Qara dəniz təlimləri və İngiltərəyə məxsus “Defender” gəmisinin Rusiyanın nəzarətində olan Krım sahillərinə yaxınlaşmasının dərinləşdirdiyi böhranın ardından, indi də Fransaya məxsus hərbi gəminin Yapon dənizində (Rusiyanın Uzaq Şərq sahilləri) görüldüyü bildirilib.
Prosesləri daha dəqiq analiz etmək üçün isə, rəsmilərin son çıxışlarını və Qərbin hərəkətlərini izləməkdə fayda var.
Qeyd etmək yerinə düşər ki, Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuata verdiyi son açıqlamada, Ağ Evi Kremlə qarşı dürüst davranmamaqda günahlandırıb və Putin-Bayden görüşünə diqqəti yönəldib. Bu isə onu deməyə əsas verir ki, Ağ Ev Kremlə verdiyi vədləri tutmayaraq, gözlənilməz addımlar atıb. Yəqin ki, sözügedən addımlar bizim hal-hazırda şahid olduqlarımızdır.
Qərbin Rusiya ətrafındakı davranışları isə daha çox diqqəti cəlb edir. Moskvaya qarşı hər zamankı kimi qərb sərhədlərində mesajlar verməyə davam edən NATO, eyni zamanda ölkənin şərqini də planlarına daxil edib. Belə olan halda isə, Kreml təhlükəsizlik tədbirləri səbəbindən qüvvələrinin bir hissəsinə şərq sahillərinə yönləndirməyə məcbur olacaq.
Böyük logistika, eyni zamanda hərbiçilərin saxlanması xərclərinin artması rəsmi Moskvanın büdcəsinə ciddi zərbə vuracaq və onsuzda yaxşı vəziyyətdə olmayan ölkə iqtisadiyyatı daha bərbad duruma düşəcək.
Qərbin bu cür özünəarxayın şəkildə davranması isə, təbii ki, təhlükəlidir. Çünki Qərbin unutmamalı olduğu əsas məsələ Rusiyanın hər zaman müharibəyə hazır olmasıdır. Yəni, görülən tədbirlər Kremli get-gedə daha çox qıcıqlandırmaqdadır. Səbr kasası dolmaq üzrə olan Moskvanın ciddi cavab tədbirləri görməsi ehtimalı isə gözardı ediləcək qədər az deyil.
Yenə qayıdaq rəsmi açıqlamalara...
Vladimir Putin iyunun 30-da vətəndaşların suallarını cavablandırarkən, “Defender”i batıracaqları təqdirdə belə, Üçüncü Dünya Müharibəsinin başlamayacağını qeyd etmişdi. Açıqlamadan isə belə nəticəyə gəlmək olar ki, Rusiya Qərbin ciddi manevrlər etməyəcəyinə arxayındır.
Hər iki tərəfin arxayınlığı isə, ilk gözlənilməz addımın ciddi nəticələr doğuracağını deməyə əsas verir. Lakin hazırki situasiyaya istinad edərək Üçüncü Dünya Savaşının siqnallarını vermək isə indiki vəziyyətdə reallıqdan xeyli uzaqdır.
Amma artan gərginlik bu iki hegomon dövlətin müharibənin digər bölgələrə transferi ilə nəticələnəcək. Onlar öz ərazilərindən savaşları uzaqlaşdırmaqla başqa ölkələrdə davalarını davam etdirəcəklər. Maraqların təmin edilməməsi kimi görünmək indiki vəziyyətin ən kəskin formasıdır. Qara buludları maksimum hara qədər qovmaq mümkün olacaq?
Və belə bir vəziyyətdə hansı ölkələrdə müharibələr baş verə bilər?
Münaqişələrin ocağı olaraq aktiv fazada Əfqanstan, Suriya, İraq, Yəmən, Liviya da daxil Afrika ölkələrindən bir neçəsi hələ də qalmaqdadır.
Passiv fazada Qırğızstan, İran, Gürcüstan, Azərbaycan və Ermənistandır. Avropada Türkiyə, Ukrayna, Moldova, Kosovo da qırmızı dairəyə alınmış ölkələrdir.
Çin bu siyahıda ayrı xətlə qeyd olunur. Bu ölkədə baş verəcək qarşıdurmaların miqyası ağılasığmaz ölçülərlə hesablandığına görə, BARIT ÇƏLLƏYİ məsafəsi digər iki hegemon ölkə olan Rusiya və ABŞ tərəfindən qorunur.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:05 / 07.07.2021
Növbəti müharibə hansı ölkələrdə olacaq? – Rusiyanın STOP işarəsi
Hazırda oxunan: Növbəti müharibə hansı ölkələrdə olacaq? – Rusiyanın STOP işarəsi
Hazırda oxunan: Növbəti müharibə hansı ölkələrdə olacaq? – Rusiyanın STOP işarəsi
27623
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.