Avropa Şurasının Baş katibi: “Prezident İlham Əliyevlə görüşümüz çox uğurlu keçdi”

Hazırda oxunan: Avropa Şurasının Baş katibi: “Prezident İlham Əliyevlə görüşümüz çox uğurlu keçdi”

272637

Azərbaycan və Ermənistan tərəfilərinin sülhlə bağlı nailiyyət əldə etmələri çox böyük uğurdur.

Bizim.Media xəbər verir ki, bunu report.az-a Avropa Şurasının Baş katibi Alen Berse deyib.

O bildirib ki, 8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı və ABŞ Prezidentinin şahidliyi ilə paraflanmış sülh razılaşması təkcə iki ölkənin xalqı üçün deyil, bütövlükdə region üçün fövqəladə əhəmiyyət kəsb edir:

"Bütün bu sülh prosesi ilə bağlı baş verənləri nəzərdə tutaraq demək istərdim ki, bu, çox müsbət bir hadisədir və biz bu inkişafı görməkdən, həqiqətən, məmnunuq. Biz, əlbəttə ki, Vaşinqtonda baş verənləri yaxından izləyirik. Bildiyiniz kimi, Avropa Şurası uzun illərdir, bütün üzv dövlətlərlə, o cümlədən Azərbaycan və Ermənistanla işləməyə sadiqdir. Bu isə o deməkdir ki, Avropa Şurası bütün ölkələr arasında davamlı dialoq üçün düzgün platformadır. Dialoq imkanı mövcuddur və məhz buna görə biz həmişə bu sülh prosesini güclü şəkildə dəstəkləmişik. Mən şəxsən Prezident İlham Əliyevlə daimi əlaqə saxlayıram".

Baş katib Azərbaycan Prezidenti İlham Əliyevlə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında baş tutan görüşünü də yüksək qiymətləndirib:

"Prezident İlham Əliyevlə BMT-də Yüksək Səviyyəli Həftə çərçivəsində çox uğurlu görüşümüz oldu, birlikdə sülh prosesi məsələlərini də müzakirə etdik. Mən həmçinin Ermənistanın Baş naziri ilə də əlaqədəyəm. Bu, irəliləyiş əldə etmək, birgə perspektivimizi görmək və əməkdaşlığımızı necə inkişaf etdirə biləcəyimizi müəyyənləşdirmək üçün önəmlidir. Azərbaycan və Ermənistan tərəfindən dəstəklənən sülh nailiyyətləri çox böyük bir uğurdur. Biz buna yalnız yüksək qiymət verməməli, həm də bunu daha geniş əməkdaşlıqların inkişafı üçün yeni imkan kimi görməliyik. Biz indi elə bir dünyada yaşayırıq ki, sabitlik, sülh və proqnozlaşdırıla bilən vəziyyətlərə ehtiyac var, amma bunlar hər yerdə aydın görünmür. Ona görə biz bu məsələlərdə iştirak etməliyik. Azərbaycan və Ermənistan arasında imzalanan sülh müqaviləsi və əlaqələrin bərpasını görmək, doğrudan da, çox yaxşıdır. Bu bizə perspektiv yaradır, daha da dərin əməkdaşlıq üçün imkanlar açır".

A. Berse qeyd edib ki, Avropa Şurasının Baş katibi olaraq o, dəfələrlə region ölkələrinə səfər edərək bölgədə sülh quruculuğu prosesində bütün mövcud imkanların dəstəkləyicisi rolunda çıxış edib:

"Bir daha vurğulamalıyam ki, Avropa Şurası üçün Cənubi Qafqaz çox vacib regiondur. Buna görə də son aylar və illərdə regiondakı bütün ölkələri ziyarət etmişəm, biz sıx əməkdaşlıq edirik və bu konteksti heç vaxt unutmuruq. Yəni bütün üzv dövlətlərimizin necə işlədiyini, necə əməkdaşlıq etdiyini və sabitlik üçün atılan addımları nəzərə alırıq. Biz bütün mümkün institutların birlikdə işləməsinə ehtiyac duyuruq. Aramızda şəffaflıq olmalıdır. Həmçinin aydın hədəflərə birlikdə çatmalıyıq. Birlikdə işləmək, bir-birimizi tanımaq və daim aktiv əməkdaşlıq aparmaq – bu, sabitliyi təmin etməyin ən yaxşı yoludur. Dünya dəyişir və dəyişməkdə də davam edəcək. Amma sual budur ki, sürətlə dəyişən dünyada biz sabitliyi və münasibətlərdə, əməkdaşlıqda perspektivi necə təmin edə bilərik? Bu o deməkdir ki, bizə Avropa İttifaqı lazımdır, amma, eyni zamanda, Cənubi Qafqazın üç ölkəsi – Azərbaycan, Ermənistan və Gürcüstan – hamısı Avropa Şurasının üzvüdür. Bu da deməkdir ki, biz gündəlik əsasda əməkdaşlıq edirik və birlikdə işləmək imkanına sahibik. Prezident İlham Əliyevlə olan görüş də bu baxımdan çox yaxşı keçdi. Bizim üçün aydındır ki, əlaqələri kəsmək, əməkdaşlıq etməmək, bir-birindən üz çevirmək heç vaxt yaxşı seçim deyil. Ən yaxşı seçim isə hər zaman fərqliliklər olsa, hər şeydə razılaşmasaq belə, birlikdə işləmək, fərqləri qəbul etmək, əməkdaşlıq etmək və birgə yol yürüməkdir. Bu, xalqlarımız üçün mümkün olan ən yaxşı vəziyyəti təmin etməyin ən düzgün yoludur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin