Prezident "Ares Management" qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb - FOTO

Hazırda oxunan: Prezident "Ares Management" qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb - FOTO

272250

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Nyu-Yorkda “Ares Management” qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Maykl Aruqeti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, söhbət zamanı Azərbaycanın maliyyə bazarının dayanıqlı inkişafı və ölkəyə xarici investisiya axınının təşviqi baxımından “Ares Management” şirkəti ilə əməkdaşlığın əhəmiyyətinə toxunuldu.

Prezident İlham Əliyev bu istiqamətdə qurulmuş tərəfdaşlıqların, xüsusilə də alternativ investisiya sahəsində birgə təşəbbüslərin ölkəmizin iqtisadi hədəflərinə töhfə verə biləcəyini qeyd etdi.

Görüşdə Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə “Ares Management” arasında 2017-ci ildən mövcud olan uğurlu əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin dayanıqlı infrastruktur, logistika, daşınmaz əmlak, təhsil və yaşıl enerji sahələrində gələcək investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı potensial müzakirə olundu.

Maykl Aruqeti Azərbaycanın davamlı inkişaf siyasətini və ölkəmizdə institusional investorlara yaradılmış əlverişli mühiti yüksək qiymətləndirərək, bunun beynəlxalq tərəfdaşlıqlar üçün geniş imkanlar açdığını bildirdi. O, rəhbərlik etdiyi şirkətin xüsusilə yaşıl enerji, logistika və sosial infrastruktur sahələrində Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırdı.

Qeyd edək ki, “Ares Management” kredit, daşınmaz əmlak, özəl səhm və infrastruktur sahələrində fəaliyyət göstərir. Maykl Aruqeti və tərəfdaşlarının 1997-ci ildə təsis etdiyi şirkət hazırda 600 milyard ABŞ dollarına yaxın aktivləri idarə edir. “Ares Management” portfelindəki anbar və logistika investisiya aktivlərinin toplam sahəsinə görə dünyanın ən böyük üç şirkətindən biridir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin