Dünya maliyyə nəhənglərinin Azərbaycana ARTAN MARAĞI – Yeni əməkdaşlıq PERSPEKTİVLƏRİ

Hazırda oxunan: Dünya maliyyə nəhənglərinin Azərbaycana ARTAN MARAĞI – Yeni əməkdaşlıq PERSPEKTİVLƏRİ

272002

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də ABŞ-a səfər edib. Səfərin ilk günündə Dövlət başçısı Nyu-Yorkda bir sıra vacib görüşlər keçirib.

Belə ki, Prezident İlham Əliyev sentyabrın 22-də “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey, “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt  və “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker ilə görüşlər keçirib.

Hər 3 görüş qarşı tərəfin təşəbbüsü ilə baş tutub.

Azərbaycan liderinin dünyanın ən böyük maliyyə qurumlarının rəhbərləri ilə görüşləri ölkəmizin beynəlxalq iqtisadi nüfuzunun artmasının bariz göstəricisidir.

Qeyd etməliyik ki, adı çəkilən şirkətlərin Azərbaycanla, xüsusən də Dövlət Neft Fondu sıx əməkdaşlıqları var. Onlar Dövlət Neft Fondunun sərmayə tərəfdaşlarıdır.

Təbii ki, bütün bunlar ölkəmizdəki iqtisadi sabitliyin və etibarlı tərəfdaşlıq imicinin göstəricisidir.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Millət vəkili, iqtisadçı ekspert Aydın Hüseynov bildirdi ki, Prezident İlham Əliyevin dünyanın ən böyük maliyyə qurumlarının rəhbərləri ilə görüşləri Azərbaycanın beynəlxalq iqtisadi nüfuzunun artmasının bariz göstəricisidir:

“Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” kimi nəhəng şirkətlərin rəhbərləri ilə baş tutan söhbətlər təsadüfi deyil, əksinə, qlobal sərmayə bazarında Azərbaycanın artan çəkisini nümayiş etdirir. Bu qurumlar yalnız maliyyə sektorunda deyil, həm də müxtəlif iqtisadi sahələrdə qlobal tendensiyaları müəyyən edən oyunçulardır və onların marağının Azərbaycana yönəlməsi ölkəmizin artan investisiya cazibəsini sübut edir”.

Müsahibimiz qeyd etdi ki, görüş təşəbbüslərinin qarşı tərəfdən gəlməsi xüsusi haldır:

“Bu fakt özü-özlüyündə Azərbaycanın son illərdə həyata keçirdiyi iqtisadi islahatların, infrastruktur layihələrinin və regionda yaratdığı yeni geoiqtisadi reallıqların beynəlxalq maliyyə dairələrində ciddi rezonans doğurduğunu göstərir. Azərbaycanın açıq iqtisadi siyasəti, sabit inkişafı və regional nəqliyyat-logistika mərkəzi kimi mövqeyi nəhəng sərmayəçilər üçün etibarlı tərəfdaşlıq platforması yaradır.

Belə görüşlər yalnız gələcəkdə yeni investisiya layihələrinin əsasını qoymaqla kifayətlənmir, həm də Azərbaycanın dünya iqtisadiyyatında etibarlı və strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Qlobal maliyyə liderlərinin diqqətinin ölkəmizə yönəlməsi Azərbaycanın iqtisadi gələcəyinə inamı gücləndirir və bu inam yaxın illərdə yeni əməkdaşlıq formatlarının yaranmasına zəmin yaradacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin