Polşalı politoloqdan SENSASİON XƏBƏRDARLIQ – “Rusiya ilə müharibə qaçılmazdır” – ÖZƏL

Hazırda oxunan: Polşalı politoloqdan SENSASİON XƏBƏRDARLIQ – “Rusiya ilə müharibə qaçılmazdır” – ÖZƏL

271272

“Polşa ilə Rusiya arasında toqquşma sadəcə ehtimal deyil. Müharibənin baş verməsi qaçılmazdır və hazırda bu baş verir. Biz hazırda Rusiya–Polşa hibrid müharibəsini yaşayırıq. PUA hücumları kimi addımlar isə bu müharibənin eskalasiyası, yəni qarşıdurmanın yeni mərhələyə keçididir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında polşalı politoloq, siyasi elmlər namizədi Yakub Koreyba deyib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Rusiya dronları yenə Polşaya doğru uçur


Rusiya-Polşa gərginliyini, rəsmi Varşavanın hava məkanının Rusiya tərəfindən pozulmasını şərh edən analitik, müharibənin qaçılmaz olduğunu deyir:

Polşa mövcud olduqca, Ukrayna da mövcud olacaq

“Rusiya hələlik Polşa ordusunu, siyasi elitasını, Polşa cəmiyyətini və onun müttəfiqlərini sınayır. Bu sınaqların nəticəsi isə indiyədək Rusiyaya göstərir ki, irəli getmək mümkündür. Rusiya güclü cavabla üzləşmədikcə, yəni gücə güclə cavab almadıqca bu münaqişə daha da dərinləşəcək. Çünki Polşanın neytrallaşdırılması, Polşanın müstəqil qərar qəbul etmək və onları həyata keçirmək imkanının əlindən alınması Rusiyanın Şərqi Avropadakı əsas hədəflərindən biridir. Polşa mövcud olduqca, Ukrayna da mövcud olacaq və müdafiə olunacaq”.

Politoloq hesab edir ki, Polşanın neytrallaşdırılması, Rusiyanın yalnız Ukraynanı deyil, həm də Baltikyanı ölkələri ələ keçirərək Şərqi Avropada öz təsir dairəsini bərpa etməsi ilə nəticələnə bilər:

“Bu təsir dairəsi, əslində, Sovet İttifaqının və ya Rusiya imperiyasının vaxtındakı kimi olacaq. Buna görə də Polşanın neytrallaşdırılması Rusiya üçün regionda “bir nömrəli məqsəd” hesab olunur və bu baxımdan Moskvanın atdığı addımlar tamamilə məntiqli görünür”.

Rusiya bu ölkələri də işğal etmək istəyir

Hazırda Rusiya ciddi müqavimətlə qarşılaşmadığı üçün növbəti eskalasiya mərhələlərini gözləmək tamamilə məntiqlidir:

“Bu isə rus–polyak münasibətlərinin tarixi ənənəsinə uyğundur. Artıq təxminən 300 ildir ki, Rusiya imperiyaya çevrilərək imperialist siyasət yeridir və bu siyasətin əsas hədəflərindən biri də Polşa olub. Polşa Avropada yeganə dövlətdir ki, Şərqi Avropanın gələcəyi ilə bağlı Rusiyanın alternativinə çevrilə biləcək öz planına sahibdir.


Bu plan Ukrayna, Belarus, Baltikyanı ölkələr və Rusiyanın imperiya periferiyası kimi gördüyü digər əraziləri əhatə edir. Məhz bu iki konsepsiyanın toqquşması bu gün gördüyümüz qarşıdurma formalarını yaradır və yaxın zamanda bu toqquşma yeni formalar da ala bilər”, - deyə Yakub Koreyba əlavə edib”.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin