Öz gizlilik qaydaları ilə bütün dünyada böyük narazılığa səbəb olan “WhatsApp”ın qərarlarında ayrı-seçkiliyə yol verməsi diqqət çəkib. Yeni qaydaların bəzi ölkələrdən olan istifadəçilərə şamil olunmaması isə tətbiqə olan etirazları daha da artırıb. Belə ki, Avropa ölkələrindən, eyni zamanda Türkiyədən olan istifadəçilər bu cür gizlilik şərtləri ilə qarşı-qarşıya qalmayıblar.
Lakin maraqlı olan məsələ Avropa və Türkiyə üçün vəziyyətin eyni olmamasına baxmayaraq, hər iki bölgədə “WhatsApp”ın geri addım atmasıdır.
MÖVZU İLƏ BAĞLI:
Sosial şəbəkələrdə DƏLƏDUZLUQ - Bank kartındakı pulunuz mənimsənə bilər
Köhnə qitədən olan istifadəçilərin şirkət tərəfindən “imtiyazlı” təbəqə kimi görünməsinin əsas səbəbi sözügedən bölgədə idarəetmənin “WhatsApp Ireland Limited”, bütün digər regionlarda isə “WhatsApp LLC” tərəfindən aparılmasıdır. Yəni, eyni şirkətin iki qurumu fərqli strategiya ilə hərəkət edir.
Türkiyədə isə vəziyyət Avropa ilə eyni deyil. Vətəndaşlarının şəxsi məlumatlarının qorunmasına problem yarada biləcəyini düşünən rəsmi Ankara “WhatsApp”ın yeni qaydaları ilə razılaşmayıb. Belə ki, Türkiyənin Rəqabət Qurumu mayın 21-də yayımladığı bildirişdə “gizlilik müqaviləsi”nin ölkədə deaktiv olduğunu açıqlayıb.
Yerdə qalan digər ölkələr kimi Azərbaycanda da böyük narazılıqla qarşılanan yeni qaydalar mayın 15-dən bəri tətbiq olunmaqdadır. Lakin hələ də bir çox istifadəçi müqaviləni qəbul etməyib. Belə olan halda isə, istifadəçilərin platformadan istifadəsində məhdudiyyətlər qoyulacağı ilə bağlı xəbərlər səngimək bilmir.
Eyni zamanda Türkiyənin təcrübəsi Azərbaycan da eyni addımın atılmasının mümkün olub-olmayacağı ilə bağlı suallar yaradıb.
Lakin sözügedən qaydada hərəkət etmək üçün elə də ciddi bir səbəb qalmayıb. Çünki müqaviləni qəbul etməyəcəyi təqdirdə “WhatsApp” istifadəçilərə qarşı heç bir sanskiyanın tətbiq olunmayacağını açıqlayıb. Tətbiqin geri addım atmasının səbəbi isə bir sıra hökumətlər tərəfindən şirkətə qarşı olan təzyiqlərdir. Bu cür vəziyyətə isə istifadəçilərin narahatlığına heç bir səbəb qalmayıb. Artıq hər kəs “WhatsApp”ın gizlilik qaydalarını qəbul etmədən də, yazışma platformasından əvvəlki kimi istifadə etməyə davam edə biləcəklər. Lakin şirkətin müqaviləni vaxtaşırı olaraq tətbiq istifadəçilərinə xatırlatmağa davam edəcəyini də yaddan çıxarmaq olmaz.
Murad Əhmədov, Bizim.Media