Dünyada baş verən son yeniliklərdən sonra hər zaman məsafəli olan Rusiya Qərb münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu müşahidə olunur. Moskvaya qarşı nisbətən mülayim mövqedən çıxış edən Avropa Birliyi də artıq daha sərt mövqe sərgiləmək niyyətini göstərməyə başlayıb.
Ümumilikdə, Rusiya qarşı siyasətlə bağlı Qərbdə son dönəmlərdə iki əsas cərəyan mövcud idi.
MÖVZU İLƏ BAĞLI:
Putin Azərbaycan tarixini təhrif etdi – Bəs rus tarixçisi NƏ DEYİR?
Bunlardan birincisi, ABŞ və İngiltərə başda olmaqla Kremlə qarşı sərt mövqeyini hər zaman ön plana çıxan ölkələr idi. Sözügedən tərəf Rusiyaya qarşı yumşalmaların qəbuledilməz olduğunu və rəsmi Moskvaya davamlı şəkildə sanksiyaların tətbiq edilməsinin vacibliyini müdafiə edirdi.
İkincilər isə, birincilərdən fərqli olaraq, Rusiyaya qarşı nisbətən mülayim mövqedən çıxış edən Avropa Birliyi ölkələri idi. Xüsusilə də, Almaniya Kremllə əməkdaşlığı inkişaf etdirməklə münasibətlərin normallaşdırılması ideyası ilə çıxış edirdi. Belə ki, ABŞ tərəfindən “Şimal dəhlizi 2” layihəsinin dayandırılması ilə bağlı təzyiqlər olsa belə, rəsmi Berlin öz dəsti-xəttindən imtina etmirdi. Avropanın ən güclü iqtisadiyyatına malik ölkəsinin bu cür mövqe sərgiləməsi isə Rusiyaya qarşı kəskin qərarların qarşısını almağa nisbətən yetərli idi.
Lakin...
Amma artıq AB də Rusiyaya qarşı sanskiyaların ilkin xəbərdarlıqlarını verməyə başlayıb. Belə ki, Avropa Birliyinin beynəlxalq məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josef Borel Rusiyaya qarşı yeni sanksiyalar paketinin hazırlandığını bildirib. Ali nümayəndə Avropa Birliyinin Kremlə qarşı sərt rəftar etməsinin vacib olduğunu qeyd edib.
Borel çıxışı zamanı səsləndirdiyi fikirlər açıq şəkildə söylənməsə belə, Almaniya hökumətinə qarşı tənqidi səciyyə daşıyıb.
Belə ki, Rusiya ilə dialoq yolu axtarmaqdansa, təzyiqləri artırmağın vacib olduğunu bildirən Borel rəsmi Moskvanın çətin vəziyətə düşdüyü təqdirdə danışıqlara getməyə məcbur olacağını qeyd edib.
Avropa Birliyi ilə yanaşı NATO da Rusiyaya qarşı sərt mövqeyini ortaya qoyub. Qara dənizdə tarixinin ən böyük təlimlərini keçirən Qərbin silahlı gücü, bölgədən geri çəkilməyəcəyini və Ukraynanı Rusiya qarşısında tək qoymayacağını açıq şəkildə bildirib. Sözügedən məsələdə maraqlı məqam isə ondan ibarətdir ki, daha əvvəl ABŞ Kiyev hökumətinə ayırdığı 100 milyon dollarlıq yardım paketindən imtina etmişdi. Belə olan halda isə iki ehtimal ortaya çıxır: ya ABŞ Rusiyaya, bəzi məsələlərdə, həqiqətən də, güzəştə getmək istəyir, ya da Moskvaya qarşı Avropanı mübarizəyə qoşmaqla bütün diqqətini əsas rəqibinə çevrilən Çinə yönəltməyi hədəfləyir.
Təbii ki, 2-ci variant daha ağlabatandır. Çünki Avropanın Çinlə günbəgün artan əməkdaşlığı fonunda köhnə qitənin nüməyəndələrini birbaşa Pekinə qarşı yönləndirmək o qədər də asan başa gəlməzdi.
Lakin Rusiya daha yaxınlıqdakı təhlükə olduğundan Avropa Kremlin qarşısında dayanmağa daha isti yanaşır.
Hazırki situasiyada necə hərəkət edəcəyi böyük maraq doğuran aktor isə Türkiyədir. Məhz bunu çox yaxşı anlayan Rusiya tərəfinin xarici işlər naziri Sergey Lavrovu danışıqlar üçün Rusiyaya göndərməsi də başadüşüləndir. NATO-ya üzv olsa belə, Moskva ilə əməkdaşlığı get-gedə gücləndirən rəsmi Ankaranın Kremlə qarşı birdən-birə düşmən mövqe sərgiləyəcəyi inandırıcı görünmür. Belə olan halda isə, Qərbin bölgədə əli xeyli zəifləyəcək və Moskvaya qarşı lazımi təzyiqi göstərə bilməyəcək.
Lakin Türkiyənin oyuna daxil olmaması, Qərbin geri addım atacağını deməyə əsas vermir.
Vəziyyətin bu cür davam etməsi isə, dünyada davam edən qütbləşmənin daha da dərinləşməsinin və 21-ci əsrin Soyuq Müharibəsinin daha sərt keçəcəyinin ilkin xəbərçisidir...
Murad Əhmədov, Bizim.Media