Macarıstanın baş naziri Viktor Orban sensasion sayıla biləcək bəyanatla çıxış edib. O Kötcse qəsəbəsindəki çıxışında Ukraynanın üç hissəyə bölünəcəyini bildirib.
Orban ABŞ prezidenti Donald Trampın Rusiyanın Ukraynaya qarşı müharibədə qalib gəldiyini və Avropa Birliyinin (AB) zəif olaraq qaldığını qəbul edərək yeni strategiya tətbiq etdiyini bildirib.
Ukraynanın taleyinin bəlli olduğunu və parçalanmanın başlandığını bildirən Orban "Rusiyanın nəzarətində olan bölgə artıq mövcuddur və bugünkü müzakirə yalnız bu bölgənin neçə vilayətin daxil olması ilə bağlıdır" deyib.
O, iddia edib ki, Ukrayna üç hissəyə bölünəcək:
1. Rusiyanın nəzarətində olan bölgə,
2. Hərbisizləşdirilmiş zona,
3. Qərb bölgəsi.
Avropa İttifaqı üzvü olan bir ölkənin baş nazirinin söylədiyi bu fikirlər tamamilə ciddiyə alınmalıdır. Çünki Orban heç də məlumatsız və siyasətdə təcrübəsiz biri deyil. O, mövqeyi və qətiyyəti olan bir lider kimi özünü çoxdan təsdiqləyib.
Təsadüfi deyil ki,adı çəkilən tədbirdəki çıxışı zaman Macarıstan lideri deyib ki, Ukrayna Aİ-yə və ya NATO-ya üzv olmamalıdır:
“Aİ özünü “axsaq ördək” kimi aparır və Ukraynaya təhlükəsizlik zəmanətləri məsələsini ABŞ-la deyil, Rusiya ilə müzakirə etməlidir”.
Orban öz iddialarında nə qədər haqlıdır?
Rusiya-Ukrayna münaqişəsinin tarixini bilən hər kəs anlayır ki, bu münaqişə xüsusi məqsədlər üçün başlanılıb. Əsas məqsədlərdən biri o olub ki, əhalisinin sayına və ərazisinə görə Avropanın ən böyük dövləti olan Ukrayna zəif salınsın. Nəzərə alaq ki, Ukrayna təbii sərvətlərinin həcminə görə dünyanın ilk 10 dövlətdən biridir. Belə bir iqtisadi resursa malik bir dövlətin Avropa İttifaqına və NATO-ya üzv olması heç də Fransa, Almaniya və digər Avropa dövlətlərin maraqlarına cavab vermir.
Təbii ki, ABŞ siyasiləri də Aİ siyasətçilərindən fərqli düşünmür. Bir sözlə Qərb çalışır ki, Ukrayna zəif salınsın və sonda bu ölkənin tükənməz sərvəti “qurdlar süfrəsində” bölüşdürülsün.
Ukrayna Rusiya ilə Qərb arasında ən yaxşı müdafiə zonasıdır.
Amma bu zonanın bataqlıq və cəngəllik olması Qərbin işinə daha çox yarayır. Çünki Rusiya nə qədər güclü olsa da, Ukrayna bataqlığından keçib Avropaya gedib çıxa bilməz. Məhz bu səbəbdən Qərb Ukraynanı Rusiya ilə müharibəyə təşviq elədi. Bu münaqişə həm də Rusiyanın zəif salınması və başının qarışması üçün bir layihə idi. Ona görə də Ukrayna və Rusiya sülhdən danışdığı bir zamanda Qərb yeni silahlanmadan dəm vurur.
ABŞ və aparıcı Avropa dövlətləri hər vasitə ilə bu münaqişənin uzanmasını istəyir. Üstəlik Orbanın təbiri ilə desək, Qərb Ukrayna ərazisini yaxın gələcəkdə 3 hissəyə bölmək istəyir. ABŞ və Aİ Qərbi Ukraynanı nisbətən dinc sakit bir bölgə kimi təsəvvür edir. Mərkəzi Ukrayna isə bufer zona kimi nəzərdə tutulur. Yəni bu əraziyə Qərbin sülhməramlıları yerləşdirilir və onlar Rusiyanı Avropaya yönəlik hər hansı bir cəhdinin qarşısını bu ərazidə alırlar. Beləcə müharibə təhlükəsi Avropadan uzaq “saxlanılır”.
Şərqi Ukrayna əbədi münaqişə ocağı kimi saxlanılır.
Bunun hesabına da Qərb müəyyən mənada Rusiyaya güzəştə getmiş kimi göstərilir. Bu “güzəşt” müqabilində Rusiya üzərinə müəyyən öhdəliklər qoyulur.
Nəzərə alaq ki, Avropa liderlərinin son bəyanatları bu ideyanı dəstəkləyir. Fransa prezidenti Emmanuel Makron deyib ki, Ukraynaya güclü ordu və Avropanın öhdəliklərini əhatə edəcək təhlükəsizlik zəmanətləri lazımdır:
“Biz təhlükəsizlik zəmanətlərindən danışanda, bütün Avropa qitəsinin təhlükəsizliyindən danışırıq. Məhz buna görə də biz burada Ukrayna ilə birlikdəyik”.
Almaniya kansleri Fridrix Merts isə qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin imperialist planları Ukrayna ilə məhdudlaşmır:
“Bütün proseslər onu göstərir ki, Putinin imperialist planları Ukraynanın işğalı ilə bitməyəcək, əksinə, məhz oradan başlayacaq və daha geniş ərazilərə yayılacaq”.
Bu tip bəyanatlar Orbanın son bəyanatındakı fikirləri dolayısı ilə təsdiqləyir və dəstəkləyir. Belə ki, Qərb Rusiya ilə arasında Ukrayna xalqının faciəsi üzərində bir sədd qurmaq istəyir.
Əslində bunda təəccüblü bir məsələ yoxdur. Qərb hər zaman təcəvüzkar və təxribatçı olub. Amma onların bir ustalığı var ki, cinayət alətini bir qayda olaraq başqalarının əlinə ötürməyi bacarırlar.
Surxay Atakişiyev, Bizim.Media