Uzun müddətdir Azərbaycanda siyasi partiyaların əksəriyyətinin fəaliyyətində hər hansısa bir yeniliklər müşahidə edilmir. Əksər ekspertlər bu vəziyyəti yay aylarındakı siyasi durğunluqla əlaqələndirirlər.
Lakin artıq sentyabrın başlaması ilə bu “susqunluq dönəmi”nin də başa çatması gözlənilir.
Bəs, partiyaların yeni planları nələrdir?
Bizim.Media bu barədə partiya sədləri ilə sorğu keçirib.
AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirdi ki, sentyabrın sonlarına doğru partiyanın növbəti qurultayı keçiriləcək:
“Bu səbəbdən Siyasi Şuranın qərarı ilə artıq iki aydır ki, bütün rayon təşkilatlarında konfranslar keçirilir. Salyan, Masallı, Lənkəran, Astara, Lerik təşkilatlarının konfransı olacaq. Ona görə də hazırda cənub bölgəsində səfərdəyik. Qurultay isə sentyabrın sonuna nəzərdə tutulub. Burada da qarşıdakı 5 il üçün fəaliyyət proqramı qəbul ediləcək. Yaxın bir il ərzində görüləcək işlərlə bağlı plan tərtib ediləcək.
Hər seçkidən sonra növbəti seçkiyə hazırlaşırıq. Ona görə də yerlərdəki rayon təşkilatlarındakı mövcud durum da diqqət mərkəzindədir. İşğaldan azad edilmiş ərazilərdə mövcud olan təşkilatlarımızın prosesdə fəal iştirakı ilə bağlı da tapşırıqlar verilib”.
AVP də qurultaya hazırlaşır
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da növbəti qurultaya hazırlaşdıqlarını söylədi:
“Oktyabr ayında partiyanın növbəti qurultayı keçiriləcək. Burada isə növbəti dövr üçün partiyanın prioritetləri müəyyənləşəcək. Hazırda diqqət mərkəzində dayanan əsas məsələ məhz budur”.
“Fövqəladə nəsə baş versə...”
Yeni Zaman Partiyasının sədri Musa Ağayev isə deyir ki, əsasən təşkilatı məsələlər diqqət mərkəzində olacaq:
“Yay mövsümündə belə təşkilatı məsələlərlə bağlı olaraq regionlara səfərlər etmişik. Bir neçə rayon təşklatlarında tədbirlər keçirmişik. Qarşıdakı mövsümdə də bəzi digər rayonlarda da anoloji tədbirlər keçirəcəyik. Payız fəslində də təşkilatı məsələlər daha çox diqqət mərkəzində olacaq. Hələlik hər hansı bir qurultay da gözlənilmir. Son qurultay 2024-cü ildə olub. Amma partiya daxilində fövqəladə nəsə baş versə, ona da hazırıq”.
“Parlamentə yeni layihələr təqdim ediləcək”
ReAL Partiyasının sədri Natiq Cəfərli isə qeyd edir ki, qarşıdakı dövrdə partiyanın proqram sənədlərilə bağlı təkmilləşmə işləri aparmağı düşünürlər:
“Qarşıdakı dövrdə partiya rəhbərliyinin regional təşkilatlarla görüşləri gözlənilir. Bu fonda bir sıra rayonlara səfərlər olacaq. Sumqayıtda da toplantı olacaq. Habelə proqram sənədlərilə bağlı müəyyən təkmilləşmə işləri aparacağıq. Həmçinin, 2-3 qanun layihəsi ətrafında partiya daxilində müzakirələr aparıb, onları parlamentə təqdim edəcəyik”.
Rüfət Sultan, Bizim.Media