Azərbayacanın 44 günlük göstərdiyi rəşadətin nəticəsində Qarabağ savaşı sona çatdı. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağı da onun bir hissəsi sayır. Prezident İlham Əliyev isə dəfələrlə öz çıxışlarında Dağlıq Qarabağ deyilən bir ərazinin daha mövcüd olmadığını bildirib.
Lakin bütün bu deyilənlərə baxmayaraq, hələ də yerli KİV-də, istər yazılı, istərsə də televiziyalarda bu gün də “Dağlıq Qarabağ” şablonundan istifadə olunur.
Belə hallar məsələnin aradan qalxması üçün xüsusi tədbirlərin həyata keçirilməsinə zərurət yaradır. Bizim.Media-ya danışan millət vəkili Sahıb Alıyevın fikrincə, buna görə ilk olaraq peşəkar jurnalistlər məsuliyyət daşımalıdırlar:
MÖVZU İLƏ BAĞLI:
Deputatdan müxalifətə İTTİHAM: “Onlar Ermənistanı qalib kimi təqdim edirlər”
“Bu bizim mənəvi məsələmizdir. Bunu dərindən dərk edən insan bu cür ifadə işlədə bilməz. Əgər belə hallar varsa, bu media nümayəndəsinin qeyri- peşəkarlığından xəbər verir. Çox təəsüflər olsun ki, bir sıra hallarda bizdə azərbaycanlı adı altında fəaliyyət göstərən amma düşmənlərimizin tapşırıqlarını yerinı yetirənlər də var. Düşünürəm ki, cəmiyyətin bu cür sərt təpkisini gördükcə, o insanlar da öz hərəkətlərindən çəkinməyə başlayacaqlar”.
Xalq şairi Sabir Rüstəmxanlı isə bildirib ki, ümumiyyətlə Dağlıq Qarabağ ifadəsi 1923-cü ildə Kirov Sergey Mironoviçin siyasi hiyləgərliyi ilə yaradılıb.
“Köhnə SSRİ-nin inzibati bölgüsündə Azərbaycanın tərkibində Dağlıq Qarabağ deyilən bir muxtar vilayət var idi. O zamanlar həm Zəngəzurun, həm də Qarabağın əhalisi azərbaycanlılar idi. Bu gün o vilayət yoxdur.
Bu vilayətin statusu 90-cı illərin əvvəlində ləğv edilib. Azərbaycanın 44 günlük şərəfli müharibəsi ermənilərin o iddiasına birdəfəlik son qoydu. “Arsax” özü türk sözüdür, heç ermənilərə aidiyyatı yoxdur.
Yuxarı Qarabağ, Aşağı Qarabağ deyilən ərazilər var, ifadə kimi də ola bilər ki, işlənsin. Ancaq Dağlıq Qarabağ ifadəsi ümumiyyətlə, ləğv olunub. Bu məsələdə də danışığımızda, ifadələrimizdə çox diqqətli olmalıyıq. Burada ictimai qınaq öz rolunu oynmalıdır ki, bir dəfə səhv edən insan ikinci dəfə bunu etməsin”.
Vüsalə Balayeva, Bizim.Media