II Dron Müharibəsi gəlir - PUA-larla verilən MESAJLAR

Hazırda oxunan: II Dron Müharibəsi gəlir - PUA-larla verilən MESAJLAR

26784

Dünyada sənayenin sürətli inkişafı hərbi texnologiyalardan da yan keçməyib. Xüsusilə də, Azərbaycanın müasir silahların 44 günlük müharibədə uğurlu nəticələr qazanması dünya ölkələrinin hərbi arsenallarının modernizasiyasını labüd edib. 

Ən önəmli yenilik isə pilotsuz uçuş aparatlarının timsalında nəzərə çarpıb. Ölkəmizin sözügedən texnologiyalardan səmərəli istifadəsi bir sıra dünya ölkələrinə PUA-ların əhəmiyyətini bir daha xatırladıb.

Artıq bir çox dövlətlər dron texnologiyalarından yalnız hərbi məqsədlər üçün deyil, eyni zamanda siyasi güc göstərişi naminə də istifadə etməyə başlayıblar.
 

MÖVZU İLƏ BAĞLI:

“Bayraktar”dan daha güclü PUA-lar gəlir - Türkiyə istehsala başladı - VİDEO


Dronlarla göndərilən mesajlar

Son illərdə silah sənayesinin sürətli modernizasiyasının müşahidə olunduğu Türkiyə PUA istehsalı üzrə dünyada qabaqcıl yerlərdən birini tutmaqdadır. Qardaş ölkə istehsalı olan “Akıncı” və “Bayraktar” kimi dronlar öz sahələrində dünya sıralamasında qabaqcıl yerlərdə qərarlaşıblar.

Bu cür sürətli inkişaf isə rəsmi Ankaraya regionda söz sahibi kimi ağırlığını ortaya qoymaq imkanı yaradıb.

Sözügedən vəziyyət isə, təbii ki, bölgənin digər güclü aktoru olan Rusiyanın məsələyə laqeyd qalmasını mümkünsüz edib. Belə olan halda, rəsmi Moskva öz nüfuzunu ortaya qoymaq üçün heç bir fürsəti əldən vermir.

Son günlərdə Rusiyanın yeni “Orion-E” adlı pilotsuz uçuş aparatını ictimaiyyətə tanıtma forması da əslində Türkiyəyə mesaj xarakteri daşımaqda idi. Ölkə mediasında yayılan xəbərlərdə sözügedən PUA Türkiyə istehsalı olan “Bayraktar”a rəqib kimi göstərilib.
 

Məlumat üçün qeyd edək ki, 200 kiloqram ağırlığında, maksimum uçuş hündürlüyü 7 km, müddəti isə 24 saat, sürəti isə 200 km/saat  olan “Orion-E” daha əvvəl Suriyada uğurla sınaqdan keçirilib.


Həmçinin “Bayraktar” yükgötürmə qabiliyyətinə və sürətinə görə rus istehsalı olan rəqibindən geri qalır. Lakin Türkiyə istehsalı olan sözügedən uçuş aparatı, digər göstəricilərinə görə rusiyalı rəqibi ilə başabaş səviyyədə mübarizə apara bilər. 

Ölkəmizin 44 günlük müharibədəki uğurlu təcrübəsi cənub qonşumuzu da hərəkətə keçirib. İyunun 27-də İran hökuməti yeni dronunu dünyaya nümayiş etdirib. Təsadüfi deyil ki, sözügedən PUA-da öz siyasi göndərməsi ilə diqqəti cəlb edib.

“Qəzza” ismi verilən texnikanın adının birbaşa İsrailə göndərilən mesaj olduğu mövzusunda isə, yəqin ki, hər kəs həmfikirdir.

Daha əvvəl isə, Türkiyə tərəfindən nümayiş olunan “Bayraktar” PUA-larının 3-cü nəsli də dünya silah sənayesi üçün həyəcan təbili rolunu oynayıb. Xüsusilə də, region ölkələrinin tələsik dron texnologiyalarına yönəlməsi bu iddianı bir daha təsdiq edib.

Qeyd edək ki, PUA-ların bütün dünyada populyarlıq qazanması, əsasən, Körfəz Müharibəsi dönəminə təsadüf edib. NATO qüvvələrinin hərbi əməliyyatlarda sözügedən texnikalardan uğurla istifadə etməsi digər ölkələri də hərəkətə gətirib.

Rusiyada isə PUA-ların istehsalının inkişaf etməsi məhz 90-cı illərin əvvəllərinə təsadüf edib. Bu səbəbdən də, şimal qonşumuz dron sənayesində əsas rəqiblərindən geri qalmaqdadır.
 

Xüsusilə də, 44 günlük müharibədə xalqın dilindən düşməyən “Bayraktar” və “Harop” kimi PUA-ların Rusiya istehsalı olan silahlara qarşı uğuru şimal qonşumuzu əməli addımlar atmağa məcbur edib.


Görünən isə odur ki, istehsal səbəbi müharibələrdə insan itkilərini azaltmaq olan PUA-lar siyasət meydanına da ayaq açmaqla bəşəriyyətə hələ çox sürprizlər nümayiş etdirəcək.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin