“Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Grandi ilə görüşdə erməni qaçqınların Qarabağa qaytarılmasından danışıb. Sergey Lavrov ilk dəfə deyil ki, beynəlxalq təşkilatların nümayəndəsi ilə görüşdə erməni qaçqınların geri qayıdışı vacibliyini bildirir.
Maraqlıdır ki, heç Ermənistan hakimiyyəti Rusiya qədər qaçqınların Qarabağa qayıtması istiqamətində fəal deyil. Ermənilər Qarabağa qayıdıb harda və hansı şəraitdə yaşayacaqlar? Ona görə də Ermənistan hakimiyyəti məcburi şəkildə erməniləri geri qaytarmağa çalışmır, çünki etirazdan çəkinir”
Bizim.Media xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzi Elxan Şahinoğlu feysbuk səhifəsində yazıb.
MÖVZU İLƏ BAĞLI:
Türklər də Xankəndindən ev alır... - Ermənilər TƏŞVİŞ İÇİNDƏ
Politoloqun sözlərinə görə, İrəvan əksinə Ermənistanda Qarabağ qaçqınları üçün minimum şərait yaratmaq üçün nələrsə edir.
“Rusiya hakimiyyətini isə ermənilərin Qarabağa qayıdıb hansı şəraitdə yaşayacağı maraqlandırmır. Kreml üçün önəmli olan odur ki, Qarabağda daha çox erməninin yaşamasını təmin etməkdir ki, Rusiya hərbçilərinin bölgədə varlığının aktuallığı olsun.
Elə buna görə müharibədən sonra Rusiyadakı mənbələr saxta məlumatlar yayaraq Qarabağda guya 50-55 min yaşadığını bildirirdilər. Halbuki, Qarabağ erməni separatçılarının lideri Araik Arutunyan özü etiraf etdi ki, bölgədə 35 min erməni yaşayır. Bu rəqəmin ilk mənbədən açıqlanması Moskvanın yalanını ortaya qoydu”.
Siyasi ekspertin fikrincə, Qarabağdakı ermənilərin sayı azalmaqda davam edəcək:
“Bu isə Rusiyanın maraqlarına ziddir. Çünki bu halda 5 ildən sonra Rusiya hərbçilərinin Qarabağı tərk etməsi aktuallaşacaq. Rusiya və Ermənistan ekspertləri də o fikirdədirlər ki, rəsmi Bakı 4 ildən sonra rusiyalı hərbçilərin bölgəni tərk etməsi mövzusunu müzakirəyə çıxaracaq”.
E.Şahinoğlu xatırladıb ki, Azərbaycanın Ermənistana 15 nəfəri təhvil verməsi, mina xəritəsini alması Rusiyanın vasitəçiliyi olmadan gerçəkləşib:
“Rusiyada onu da düşünürlər ki, başqa dövlətlər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını təmin edərləsə, bu Rusiyanın Cənubi Qafqazdakı maraqlarına növbəti zərbə olacaq.
Ona görə də Kreml həm Qarabağda ermənilərin sayını çoxaltmağa, həm də başqalarının vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında “sülh sazişinin” imzalanmasını əngəlləməyə çalışacaq. Rəsmi Bakı isə bundan sonra İrəvanla fərqli məsələləri mümkün qədər Rusiyanın vasitəçiliyi olmadan həll etməyə çalışmalıdır”.
Bizim.Media