Çində Yaponiya işğalına qarşı Çin xalqının Müqavimət müharibəsində qələbənin və II Dünya müharibəsinin başa çatmasının 80 illiyi münasibətilə keçiriləcək tədbirlərdə 26 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Çinin “Xinhua” agentliyi məlumat yayıb.
Məlumata görə, tədbirdə Rusiya, Şimali Koreya, Kamboca, Vyetnam, Laos, İndoneziya, Malayziya, Monqolustan, Pakistan, Nepal, Maldiv adaları, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Belarus, Azərbaycan, Ermənistan, İran, Konqo Respublikası, Zimbabve, Serbiya, Slovakiya, Kuba və Myanma rəhbərlərinin iştirakı gözlənilir.
Qeyd edək ki, 3 sentyabrda Pekində genişmiqyaslı hərbi parad təşkil ediləcək. 70 dəqiqə davam edəcək mərasimdə Çin Xalq Azadlıq Ordusu ənənəvi qoşun növləri ilə yanaşı, yeni hərbi birlikləri də nümayiş etdirəcək. Parad zamanı 45 hərbi dəstə, müasir raket texnologiyaları, tanklar, aviasiya və yerli istehsal olan pilotsuz uçuş aparatları təqdim olunacaq.
Xatırladaq ki, Çin hökuməti bu cür tədbirləri 1949-cu ildən etibarən, Xalq Respublikasının yaranmasından sonra, Pekinin mərkəzi Tyananmen meydanında keçirir. Sonuncu dəfə oxşar tədbir 2019-cu il oktyabrın 1-də, respublikanın 70 illiyi münasibətilə təşkil olunmuşdu.
Bizim.Media