“Gəlsinlər ibadət etsinlər, kilsələrə daxil olsunlar, ziyarət etsinlər. Biz buna heç əvvəlcədən etiraz etmirdik. Amma bundan bir şou düzəltmək, bunu erməni cəmiyyətində kiməsə xoş gəlsin deyə reallaşdırmaq provokativ addımlardır” deyən Fikrət Sadıxov əlavə etdi ki, sağlam düşüncəli ermənilər başa düşür ki, Ermənistan uduzub.
2020-ci ilin dekabrında, 2021-ci ilin əvvəllərində ermənilərin yalançı ittiham və etirazlarından biri də o idi ki, Azərbaycan tərəfi Qarabağdakı kilsələrdə onların ibadət haqqını məhdudlaşdırır. Bütün dünya bunun əksini görəndən sonra ermənilər ikinci varianta əl atmağa başladılar. O da nədir – ermənilər həftənin müxtəlif günlərində dini ayin adı ilə Qarabağdakı kilsələrdə təxribat xarakterli tədbirlər həyata keçirir və bunu bütün müstəvilərdə tirajlayırlar.
MÖVZU İLƏ BAĞLI:
"Rus qoşunları Sovet dövründə müəyyənləşdirilmiş sərhəddə dayanacaq" - Erməni nazir
Fikrət Sadıxov bildirdi ki, Ermənistanın işğalı bitib və onlar artıq Azərbaycan torpaqlarına nəzarət etmir:
“Bütün bu reallıqların fonunda kilsə ziyarətlərini belə şişirtmək və cəmiyyətə təqdim etmək primitivlikdir. Əgər onlar kilsələri ziyarət etmək istəyirlərsə, gəlib etsinlər. Amma biz yaxşı başa düşürük ki, bu məsələdə onlar təbliğat məqsədlərilə bunu geniş şəkildə yayırlar ki, bəs biz kilsələrə gedirik. Bizim orada imkanlarımız kifayət qədər genişdir. Biz buna nəzarət edirik. Bax belə bir yanaşmalar əlbəttə ki, normal düşüncəli insanları heç vaxt inandıra bilməz”
Əlbəttə ki, o məbəd və monastrlar Azərbaycanın, yəni, qədim Alban kilsələridir. Sadəcə ermənilərin bu sahədəki “özününküləşdirmə” siyasəti hələ də davam edir.
Hətta dünən Vatikandakı tədbirdə Roma Papası Fransisk xristianlardan bəhs edərkən erməniləri də xatırladıb. Məhz belə faktlara görəmi ermənilər səslərini bəzi dini mərkəzlərə eşitdirmək üçün Qarabağdakı kilsələrdə “şou” yaradırlar?
“Onlar elə şou yaradırlar ki, müraciət edib, yalvardıqları kimlərsə gəlib bunlara kömək etsinlər. Guya kilsələri kimsə zəbt edib və s. Amma əslində bu heç erməni kilsəsi deyil axı. Biz bunu artıq çoxdan sübut etmişik və bunu dünya, planetin dini xadimləri də bilir. Amma əlbəttə ki, bunları (erməniləri) dəstəkləyən qüvvələr hələ də var. Və bu qüvvələr yoxa çıxmayacaq. Ona görə də biz buna qarşı əks-təbliğatımızı gücləndirməliyik ki, informasiya sahəsində də qələbəyə nail olaq”.
Anar Rəhimov, Bizim.Media