Ermənistanda 20 iyunda keçirilən parlament seçkilərinin rəsmi nəticələrinin elan olunmasından sonra Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının böyük üstünlüklə qələbəsi qeydə alınıb.
Ölkə MSK-nın dünənki son açıqlamsına istinadən demək olar ki, seçicilərin 53.91%-in səsini qazanan son baş nazir təkbaşına hökumət yaratmaq səlahiyyətlərini də əldə edib. Robert Köçəryanı isə hökumət quruculuğunda iştirakdan cəmi 4% elektoratın səsi məhrum qoyub.
MÖVZU İLƏ BAĞLI:
MSK Köçəryan və Sarkisyan bloklarının seçki ilə bağlı müraciətlərini rədd etdi
Ümumilikdə isə, Ermənistanda həm təbliğat dönəmində, həm seçki günündə, həm də seçimlərdən sonrakı dövrdə bir çox maraqlı hallar yaşanıb.
1. “Xain Paşinyan”.
Mart ayının sonunda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edən Nikol, həmin günlərdə Qarabağ məğlubiyyətinin səbəbkarı kimi vətənə xəyanətdə ittiham olunurdu. Lakin Paşinyanın ermənilərin müharibədən yorulduğuna olan inamı sonunda özünü doğrultdu.
2. Köçəryanın pafoslu “vətənpərvərliyi”
1-ci Qarabağ savaşının ən böyük cinayətkarlarından olan Robert çıxışlarında, Nikolu ən sərt tənqid edənlər arasında idi. Özünü qəhrəman kimi qələmə verən populist bəyanatları ilə qələbə qazanacağını güman edən eks-prezidentin seçkilərdə biabırçı nəticələrini isə, yəqin ki, xatırlatmağa ehtiyac yoxdur.
3. Sünik rəzaləti
Mayın ayının sonlarında Zəngəzura səfər edən Nikol Paşinyan əhalinin sərt etirazları ilə qarşılaşdı. Ağır təhqirlər və sərt mövqe ilə qarşılanan Nikolu yerli sakinlər torpaqlarını “Azərbaycana satmaq”da günahlandırdı.
4. Ara Ayvazyanın istefası
Gününü Ermənistandan çox Avropada keçirən keçmiş xarici işlər nazirinin tək məqsədi olan “Dağlıq Qarabağın muxtariyyəti”nə nail olmaq arzusu da ürəyində qaldı. Gedişi ilə Ermənistanı diplomatsız qoyan Ayvazyanın bütün fəaliyyətinin isə sülh prosesinə mane olmaqla ölkəsinə xeyirdən çox zərər vurduğu sonradan ortaya çıxdı. Habelə sözügedən istefanın Paşinyanın nüfuzuna ağır zərbə olacağı da ehtimallar arasında idi.
5. Paşinyanın Avropa turnesi
Doğum gününü Fransa və Belçikada dəstək qazanmaqla keçirən Nikolun bu səfəri hər kəs üçün gözlənilməz, özü üçün isə xeyli faydalı oldu. Qərbdən gələn dəstəyini daha da gücləndirən, eyni zamanda diaspora ilə işlərini yoluna qoyan Paşinyanın bu addımın əks-təsir yaradacağı güman olunurdu. Lakin havadarlarının məkrli siyasəti davam etdirərək Nikolu tək qoymaması Qərbin Ermənistanda nüfuzunu qoruması ilə nəticələndi.
6. Qaranlığa qərq olan şəhərlər
Bülletenlərin sayılması zamanı Vamadzor və Spitak şəhərlərində işıqların sönməsi seçkilərin əsas yadda qalan hadisəsi oldu. Müxalifətin ciddi narazılığına səbəb olsa belə, bu cür vəziyyət böyük rezonans doğurmadı.
7. Köçəryana “atılan” 3 milyon
Seçkiöncəsi sorğularda, habelə əksər media orqanlarında eks-prezidentin qələbə qazanacağına inam xeyli böyük idi. Hətta Rusiya mənbələrindən edilən araşdırmalarda Köçəryanın 41%, Paşinyanın isə cəmi 20% səs toplayacağı təxmin olunurdu. Sonda isə bu cür reallıqddan uzaq görüntünün məhz Robertin rüşvətlə yığdığı milyonlarının bəhrəsi olduğu ortaya çıxdı. Rusiyada fəaliyyət göstərən erməni media maqnatı Aram Qabrelyanovun Köçəryandan aldığı 3 milyon dollar həcmində vəsaitə baxmayaraq, “Qarabağ klanı” liderinə təbliğatda yardım etməməsi isə, daha bir rəzilliyi gözlər önünə sərdi.
8. “Mənim şərəfim var”ın süqutu
Seçkilərin ən böyük rəzaləti isə məhz keçmiş prezident Serj Sarkisyanın himayəsində olan “Mənim şərəfim var” blokunun parlamentdə təmsil olunmaq üçün minimum göstərici olan 7% səsi qazana bilməməsi oldu. Habelə köhnə dostu Köçəryanla koalisiyadan imtina etməklə, Paşinyanın əlinə oynayan Serj, “Vətəndaş müqaviləsi”nin bu qədər asan qələbə qazanmasının, bəlkə də, əsas səbəbkarı idi.
9. Arutyunyanın yaratdığı qıcıq
Qondarma Dağlıq Qarabağ republikasının liderinin havadarı Nikol Paşinyana ünvanladığı təbrik Xankəndidə böyük narazılıqla qarşılandı. “Qarabağ klanı”nın əlinin güclü olduğu bölgədə ermənilərin mitinqlərinə səbəb olan bu addımın, nəticələri isə hər kəs tərəfindən ehtimal olunsa da, Arayikin bunu düşünə bilməməsi onun səriştəsizliyini bir daha sübuta yetirdi.
10. Saxtakarlıq ittihamları
Əksər seçkilərdə məğlub tərəfin səslərin sayılmasında qanunsuzluğa yol verilməsi iddiası ilə çıxış etməsi təbii hal kimi görünməkdədir. Lakin Ermənistanda bundan daha artığı-vətəndaş toqquşmaları ehtimal olunsa da, proqnozlar özünü doğrultmadı. Sözügedən iddialar isə, havada qaldı.
Yəni, Ermənistanın 44 günlük müharibədən əvvəlki müharibə ritorikası ilə etdiyi çıxışlar seçkilər zamanı bir daha sübut etdi ki, bu ölkə ancaq dil... oynadır. Ona görə də onun hay-küyünün cavabında ən doğru seçim Azərbaycanın atdığı addımdır. Ermənistanın dilini... elə ən yaxşı biz bilirik!
Murad Əhmədov, Bizim.Media