Rəisinin tələsik AÇIQLAMASI - İranın regionda dominant olmaq İDDİASI 

Hazırda oxunan: Rəisinin tələsik AÇIQLAMASI - İranın regionda dominant olmaq İDDİASI 

25762

İranın yeni seçilən prezidenti İbrahim Rəisi 21 iyunda ilk mətbuat konfransını keçirib. Prezidentlik dönəmi ilə bağlı mesajların verildiyi konfransda Rəisi bir sıra vacib məqamlara da aydınlıq gətirib. Mühafizəkar mövqeyin qatı tərəfdarlarından olan Rəisi İranın yeni siyasi xəttində də mühafizəkar elementlərin üstünlük təşkil edəcəyi nəzərə çarpır. 

Xüsusilə Qərblə münasibətlərdə ABŞ və Avropanı verdiyi sözü tutmamaqda ittiham edən Rəisi, nüvə sazişinə yenidən qayıtmaq barədə danışıqlara başlayacağını bildirib.

Rəisi şübhəsiz ki, nüvə sazişinin İran üçün nə dərəcədə əhəmiyyətli olduğunu yaxşı başa düşür. Bu gün artan təzyiqlərin və sanksiyaların İranı nə qədər ayaqda tutacağı şübhəlidir. İranın yenidən nəfəs alması və gücünü toplaması üçün maraqlı tərəflərin yenidən nüvə sazişinə qoşulmasına ehtiyac var. Çünki Rəisi pandemiyadan çıxmış, zəifləmiş iqtisadiyyata malik və sosial problemlərlə baş-başa qalmış bir İranı təhvil alacaq. Yeni sanksiyalar isə İranın mövcud vəziyyətini daha da çətinləşdirə bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Rəisini hakimiyyətə gətirən GÜC – İran hansı mərhələyə daxil olur?


Yeni dövrdə İranın daha çox xarici siyasətə fokuslanacağını qeyd edən prezident əsas istiqamətin İranın yaxın qonşuları olan Körfəz ölkələri olacağını bildirib. Rəisi, ərəb ölkələri ilə son illərdə yaşanan problemlərin fonunda daha sağlam münasibətlər inşa edilməsinə ehtiyac olduğunu vurğulayıb. Bu istiqamət əvvəlki prezident Həsən Ruhaninin dövründə aktiv şəkildə tətbiq olunan siyasi xəttin bir növ davamıdır. İran tədricən bölgədə təklənəcəyini başa düşür və bunun qarşısını almaq üçün bölgə ölkələri ilə münasibətlərini sağlamlaşdırmağa çalışır. 

Onun sözlərinə görə, İranın xarici siyasət kursunu nüvə sazişi ilə sərhədləmək əvəzinə, dünya ilə təmas qurmağı hədəfləyəcək.

Rəisi eyni zamanda İran əhalisinin maraqlarını nüvə sazişinə qurban verməyəcəyini də dilə gətirib. Rəisinin açıqlamalarında nüvə sazişinin ikinci plana atılması xüsusilə diqqət çəkir. O, sazişin İran üçün həyati əhəmiyyətli olmadığını, hətta İran xalqının maraqlarından üstün olmadığını qeyd edib. Lakin bu reallığı əks etdirməkdən daha çox daxili auditoriyaya hesablanmış populist çıxış xarakteri daşıyır.

ABŞ prezidenti Co Baydenlə görüşmək barədəki suala “xeyir” cavabını verən Rəisi balistik raket proqramının da müzakirə mövzusu olmadığını bildirib. O, ABŞ-dan İrana qarşı sanksiyaları sonlandırmağı tələb edərək, ABŞ-ı nüvə sazişini pozmaqda ittiham edib. Rəisinin Avropaya qarşı mövqeyinin daha mülayim olduğu müşahidə olub. O, Avropa ölkələrini ABŞ-ın təsiri ilə hərəkət etməməyə və nüvə sazişinə əməl etməyə çağırıb. Avropa ilə əlaqələrdə istəkli olduğunu biruzə verən Rəisinin ABŞ-la münasibətlərdəki soyuqluğu qoruyacağı da gözləniləndir.

Rəisinin açıqlamalarında mühafizəkar qanadın siyasi xəttinin izləri açıq şəkildə görünür.

Reformist qanadın təmsilçisi olan Həsən Ruhaninin dövrü prezidentlik institutu ilə Ali dini liderin iradəsi arasındakı ziddiyyətlərlə yadda qalmışdı. Yeni dövrün isə mühafizəkar qanadın mütləq diktəsi ilə keçəcəyi görünür. İran xalqının marağı, ABŞ-ın düşmən obrazı, müstəqillik, heç kimdən asılı olmamaq və populizm məhz bu istiqamətin ritorikasına daxildir.

İran hər nə qədər bölgədə önəmli bir güc hesab olunsa da bu güc regionun siyasi sferasında dominatlıq təşkil etməyə imkan vermir.

İranın xarici siyasəti hər zaman regiondakı abu hava və digər qlobal güclərin mövqeyindən asılıdır. Bu mühafizəkar siyasi baxışla regionun reallığı arasında təzadların yaranmasına gətirib çıxara bilər. Rəisinin mətbuat konfransında Baydenlə görüş barəsində mənfi münasibəti, bir müddət sonra tamamilə əks istiqamətdə dəyişə bilər. 

Rəisinin ilk mətbuat konfransında səsləndirdiyi fikirlərin İranın gələcək siyasi xəttinin müəyyən olunmasında təsiri olacağı aydındır. Lakin hər şeyin məhz Rəisinin dediyi prinsiplər daxilində baş verəcəyi də mümkün görünmür. Nəzərə alınmalıdır ki, Rəisi bu açıqlamaları seçkilərdən cəmi bir gün sonra verib və prezident kürsüsünü isə ancaq ayında Həsən Ruhanidən təhvil alacaq. 

Araz Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin