Ermənistanda seçkilər: Xaos hələ uzun müddət davam edəcək…

Hazırda oxunan: Ermənistanda seçkilər: Xaos hələ uzun müddət davam edəcək…

25269

20 iyunda Ermənistanın gələcəyini həll edəcək seçimlər öncəsi, namizədlərin seçkiqabağı təbliğat kampaniyası bu gün başa çatır. Bu isə o dəməkdir ki, artıq hakimiyyətə iddialı nümayəndələr elektorat yığmaq üçün əllərindəki bütün kartları oynayıblar. Artıq seçkilərdə kimin qələbə qazanacağına erməni xalqı qərar verəcək. Təbii ki, seçkilərdə heç bir saxtakarlıq olmazsa...

Ermənistan parlamentində yer tutmaq üçün ümumilikdə 21 partiya və 4 blok mübarizə aparsa da, əsas rəqabət hazırda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan və keçmiş prezident Robert Köçəryan arasında gedəcək. Son sorğularda rəqibini az bir fərqlə üstələməyi bacaran Köçəryanın qələbə qazanmaq ehtimalı Paşinyana nisbətən yüksək qiymtələndirilsə də, qalibə indidən qərar vermək, təbii ki, mümkün deyil.

“Paşinyanın çəkisi və çəkici”

Tərəfdarları qarşısında çıxışı zamanı əlində çəkic yelləməklə rəqiblərinə güc göstərən Nikolun bütün digər addımları kimi, bu hərəkəti də Köçəryan tərəfindən tənqid hədəfinə çevrildi. Azərbaycanın işğal olunmuş ərazilərinin xarabalığa çevrilməsinin əsas memarı olan keçmiş “Artsax” prezidentinin “biz çəkicdən yalnız quruculuq işlərində istifadə edəciyik” açıqlamasını verməsi, bizim üçün nə qədər gülünc səslənsə də, Nikola qarşı növbəti uğurlu populist həmlə kimi qiymətləndirilə bilərdi...

Lakin Paşinyan da seçkiqabağı son mitinqində öz iddiasını ortaya qoymağı bacardı. 

Seçicilərinin önünə bütün ailə üzvləri ilə birlikdə çıxan son baş nazirin aksiyası “Məxməri İnqilab” ab-havasını xatrıladıb.
 

Seçkilər isə eks-prezident Levon Ter-Petrosyanın dediyi kimi “ölüm-qalım savaşı” olacaq. Həm Paşinyan, həm də Köçəryan siyasi nüfuzları ilə yanaşı, yaxın iş adamlarının və cinayət aləminin nümyəndələrinin gücündən  sonuna qədər istifadə edəcəklər.


Vəziyyəti xüsusilə gərginləşdirən digər bir məqam isə, bir neçə gün əvvələ kimi parçalanmış kimi görünən Köçəryan-Sarkisyan və Paşinyan-Ter-Petrosyan tandeminin artıq koalisiya yaratmaq ehtimallarının xeyli artmasıdır. Ter-Petrosyanın son zamanlarda Nikolun dəstəyini artıra biləcək açıqlamalar verməsi, eyni zamanda Sarkisyan və Köçəryan tərəflərinin koalisiyanı istisna etməməsi mübarizənin daha da gərgin keçəcəyinin xəbərçisidir.

Ermənistandakı xaos seçkilərlə yekunlaşmayacaq
 

Tərəflər seçikilərdən sonra insanların küçəyə axışma ehtimalları haqqında danışarkən, vəziyyətin gərginləşə biləcəyini də istisna etməyiblər.


Köçəryan seçkilərdə qeyri-şəffaflığın olacağı durumda sözügedən proseslərin meydana gələcəyini bildirsə də, Ter-Petrosyan qarşıdurmaların baş verəcəyi haqqında əminliklə çıxış edib. Habelə Nikolun son mitinqinə polis və snayperlərin müşayəti ilə gəlişi Ermənistanın ilk prezidentinin narahatlığında haqlı olduğunu sübuta yetirib.

Təbii ki, demokratiyanın beşiyi hesab olunan ABŞ-da belə seçkilərə müdaxilə iddialarının səsləndiyini nəzərə alsaq, Ermənistanda da eyni tendensiyanın müşahidə olunmayacağına inanmaq heç də asan deyil.

Ermənistandakı mövcud situasiya isə onu deməyə əsas verir ki, bölgədəki problemlər və qeyri-sabitlik hələ uzun müddət də davam edəcək.

Necə deyərlər, “bu xəmir (həm də bu xəmir erməni milli məmulatı deyil) çox su aparacaq”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin