Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycanla imzalanan bəyannamə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan ərazisində hərbi bazasının yaradılması ehtimalını istisna etməyib.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə lideri Bakıda jurnalistlərə deyib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğandan Azərbaycana səfəri ilə bağlı TVİT - VİDEO
"Bu, (bazanın yaradılması) bəyannamənin müddəalarından kənara çıxmır. Məsələnin həll ediləcəyi mümkündür. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasındakı məsləhətləşmələrdən sonra baş tuta bilər”. “RİA Novosti” agentliyi Türkiyə liderinin dediklərindən sitat gətirib.
Xatırladaq ki, iyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevin müşayiəti ilə əvvəlcə Füzulini, sonra isə ikitərəfli bəyannamənin imzalandığı Şuşanı ziyarət edib.
Mətndə, xüsusən, üçüncü bir dövlət tərəfindən təhdid və ya təcavüz vəziyyətində hər iki ölkənin birlikdə hərəkət edəcəyi qeyd edilir.
Bəyannamədə "tərəflərin iki qardaş ölkənin silahlı qüvvələrini müasir tələblərə uyğun modernləşdirmək üçün birgə səylərini davam etdirəcəkləri" də vurğulanır.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri Şuşanı keçən il Qarabağdakı 44 günlük müharibə zamanı noyabrın 8-də erməni işğalından qurtarıb.
Şəhər geri alındıqdan sonra Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 10 noyabrda qəbul etdiyi üçtərəfli bəyanata əsasən döyüş əməliyyatları dayandırılıb.
Bizim.Media