“Hadrutun və bəlkə Şuşanın" Ermənistana qaytarılmasının mümkünlüyü haqda Köçəriyanın dünənki sözləri təsadüfi deyil. "Bunu sülh yolu ilə edə bilərik" deməsi isə sifətimizə həyasızca gülməkdir”.
Bizim.Media xəbər verir ki, bu sözləri ReAL partiyasının sədri İlqar Məmmədov “Facebook” hesabında qeyd edib. Onun sözlərinə görə Paşinyanı yıxandan sonra təzə və kövrək rejimin möhkəmlənmək üçün kütləvi simpatiyaya əlavə ehtiyacı yaransa, onun Rusiyadakı bəzi imperialist çevrələrə aid himayədarları rus ordusu gücünə Köçəriyanı mükafatlandırmağa çalışacaqlar:
MÖVZU İLƏ BAĞLI:
Koçaryanın “GALLUP” OYUNU – 2 aya nə dəyişdi?
“Bu mükafatın Hadrut olacağına dair Köçəriyanın vəd aldığına artıq şübhəm yoxdur. Onlar eyni vaxtda Bakıda da fəallaşacaq.
Qələbəmizə indiyədək "anti-Rusiya" pafosu ilə kölgə salmağa çalışanlar həmin Köçəriyan himayədarlarının bu işdə 1 nömrəli yardımçısı olacaq, çünki "haqlı" çıxmış görünəcəklər və Azərbaycan hakimiyyətinin başını daxildə qatmaqla Hadrut əməliyyatına şərait yaradacaqlar.
Unutmayaq ki, belə anti-Rusiyaçıların bir çoxunu ayaqda saxlayan Azərbaycan hakim elitasının Moskvadakı bəzi imperialist dairələrə bağlı kəsimidir. O, öz mövqelərini qaytarmağa çalışacaq. Bu zaman polis özbaşınalığına böyük ehtiyac yaranacaq. Çünki məhz bu yol ilə Azərbaycanın həm də Qərbdə mövqelərini daha da zəiflətmək lazım gələcək”.
Partiya sədri onu da əlavə edib ki, Paşinyan hakimiyyətinin yıxılması Bakıda siyasi mübarizəni iyrənc ikiüzlü oyunlar bataqlığına darta bilər:
“Siyasi dialoqun həqiqi məzmunu gücləndirilməsə 1988-1993-cü ilin dağıdıcı rəqabət formatına müəyyən qayıdış çox mümkündür”.
Alçina Amilqızı, Bizim.Media