Türkmənistanın Berzengi sanatoriyasında ağacəkmə kampaniyası çərçivəsində ənənəvi "Dünya mətbəxi" müsabiqəsi keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı report.az-a Azərbaycanın Türkmənistandakı səfirliyi verib.
Məlumata əsasən, Azərbaycan pavilyonunda milli mətbəx nümunələri, qədim adət-ənənələr, dekorativ-tətbiqi sənət nümunələri və Novruzun əsas atributları sərgilənib.
Tədbir iştirakçıları Azərbaycan mədəniyyətinə böyük maraq göstərib, qonaqlara milli mətbəx nümunələri təqdim olunub.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ölkə rəsmiləri ilə birgə Azərbaycan stendi ilə tanış olub.
Azərbaycan səfirliyinə tədbirdə xüsusi iştiraka görə sertifikat təqdim olunub.
Azərbaycan səfirliyinin nümayəndələri Novruz bayramının ortaq dəyərlərindən bəhs edib, bu bayramın sülh, dostluq və birliyi simvolizə etdiyini vurğulayıblar.
Bizim.Media