Gorusdan açılan atəş, dağılan SÜLH MİFİ - “Hər an hazır olmalıyıq”

Hazırda oxunan: Gorusdan açılan atəş, dağılan SÜLH MİFİ - “Hər an hazır olmalıyıq”

239732

Ermənistan bir tərəfdən, sülh çağırışları edir, digər tərəfdən isə Azərbaycana qarşı təxribatçı hərəkətlərindən əl çəkmir. Dünən Ermənistan tərəfi gün ərzində üç dəfə təxribata əl atıb.

Martın 16-sı saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan silahlı qüvvələri növbəti dəfə Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu


Həmin günü, saat 18:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən də Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutublar.

Üstəlik, dünən saat 20:10-dan 20:45-dək Gorus rayonunun Burun yaşayış məntəqəsi istiqamətindən də mövqelərimiz atəşə tutulub.

Atəşkəsin pozulması halları ilə yanaşı Ermənistan ordusunun Naxçıvan istiqamətində mühəndis-istehkam işləri apardığı ilə bağlı görüntülər də yayılıb.

Bu faktlar onu göstərir ki, rəsmi Bakı ilə sülhdə maraqlı olduğundan dəm vuran Ermənistanda faktiki olaraq yeni müharibəyə hazırlıqlar gedir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirir ki, Ermənistan bölgədə dayanıqlı sülhdə deyil, müharibənin yenidən alovlanmasında maraqlıdır:

“Ermənistan özünün tarixi hiyləgərliyi, tülkülüyü, xəyanətkarlığı və etibarsızlığından bu gün də məharətlə istifadə edir. İrəvan özünü beynəlxalq təşkilatlar və bir sıra dövlətlərə “sülh göyərçini” kimi təqdim edir. Guya Azərbaycanla sülh sazişini imzalamaqdan ötrü dəridən qabıqdan çıxır. Bunlar hamısı dırnaqarasıdır”.

Deputat qeyd edir ki, Ermənistanın 44 günlük müharibədən sonrakı bütün hərəkətləri bu ölkənin ciddi cəhdlə yeni müharibəyə hazırlaşdığını göstərir:
 

“İrəvan bir sıra dövlətlərdən ən müasir hücum silahları almaqda davam edir. Habelə, bir sıra ölkələrin hərbi təlimatçılarını da ölkəsinə dəvət edib, onların köməyilə ordusunu yeni müharibəyə hazırlayır. Avropa İttifaqının “sülh missiyası” adı altında bir dəstə keçmiş hərbçi, cəsus, kəşfiyyatçı qrupu da Ermənistana yığışıblar. Onlar vaxtaşırı Azərbaycan mövqelərini müşahidə edib, informasiya yığıb Ermənistan təqdim edirlər.


Bütün bunlar onu göstərir ki, İrəvan heç də bölgədə dayanıqlı sülh üçün fəaliyyət göstərmir. Əksinə, onlar bölgədə yenidən müharibənin alovlanmasına çalışırlar. Ona görə də Azərbaycan Ermənistanın hiyləgər, namərd hərəkətlərinə inanmamalı, hər an ən çətin məsələlərə hazır olmalıdır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin