“Əfqanıstanda iri oyunçular öz qoşunlarını geri çəkirlər. ABŞ, onun NATO müttəfiqləri Əfqanıstandan da gedirlər. Burada müəyyən geosiyasi boşluq yaranır. Bu boşluğu regional iştirakçılar doldurmağa çalışırlar. O cümlədən də Türkiyə. Məqsəd nədir?”
Bu sözləri Bizim.Media-ya açıqlayan politoloq İlqar Vəlizadə fikirlərinin sonundakı suala da aydınlıq gətirdi.
Yəni, iri oyunçular hərbi-siyasi diqqətlərini Əfqanıstandan çəkəndən sonra burada vəziyyət mürəkkəbləşə bilər:
“Təhlükələr, regional təhdidlər arta bilər. Belə halda isə regional iştirakçılar məsələyə biganə yanaşa bilməzlər. Pakistanı demək olar, Çin Xalq Respublikasının müəyyən aktivliyi, Mərkəzi Asiyanın bəzi ölkələri, xüsusilə də Özbəkistan, İran da vəziyyətə laqeyd qalmır.
MÖVZU İLƏ BAĞLI:
Kabil üzərində Türkiyə bayrağı – ƏRDOĞANIN DAHA BİR ZƏFƏRİ – FOTOLAR
Bunlarla yanaşı, Türkiyə də öz münasibətini bildirir və təhlükəsizlik problemlərinin həlli ilə bağlı səylıərini göstərir, yaxud yardım olaraq Əfqanıstan hakimiyyətinə dəstəyini təklif edir. Ki, Türkiyə təhlükəsizlik məsələləri və ya Əfqanıstanın iqtisadi cəhətdən dirçəldilməsi ilə bağlı məsələlərin həllinə köməklik göstərə bilər.
Əslində, bu da təsadüfi deyil. Çünki dolayısı ilə Türkiyəni Əfqanıstanla birləşdirən bir çox amillər var. Belə ki, Əfqanıstana yardım kampaniyası İstanbul prosesi adlandırılır. Bu təşəbbüs ilk dəfə olaraq İstanbulda irəli sürülüb. Təşəbbüs ondan ibarətdir ki, regional iştirakçılar Əfqanıstanla əməkdaşlıq edərək oradakı proseslərə müsbət təsir göstərsinlər. Həmçinin sosial-iqtisadi problemlərin həllinə köməklik edilir. Bu, İstanbul prosesi adlanır və hazırda reallaşdırılır.
Eyni zamanda, Lazurit dəhlizi (Əfqanıstan, Türkiyə, Türkmənistan, Azərbaycan və Gürcüstan) deyilən bir layihədir. O da Türkiyənin iştirakı ilə həyata keçirilir. Bu da Əfqanıstana gedən müəyyən mallarlı təmin edən proyektdir.
Nəhayət, onu demək lazımdır ki, son hadisələr, axır vaxtlar miqrasiya problemləri artır və bu çətinliklərlə Türkiyənin özü də qarşılaşır. Burada təkcə Suriya-İraq miqrantları yox, həm də Əfqanıstan miqrantları da önəmli yer tutur. Təəssüflər olsun ki, Əfqanıstandakı münaqişə hələ davam edir.
Bu da Əfqanıstanda miqrantların sayının artmasına səbəb olur. Onun böyük bir qismi Türkiyə vasitəsilə Avropaya üz tutur. Türkiyədə isə hazırda 200 minə qədər əfqan miqrantları var. Bu da Ankranın Kabil probleminə qoşulmağına imkan yaradır.
Bu problemləri çözməklə Əfqanıstan hökumətilə əməkdaşlıq etmək zəruridir və ona görə də Türkiyə bundan istifadə edərək öz nüfuzunu Əfqanıstanda artırmaq niyyətindədir. Düşünürəm ki, bu, bütün hallarda regionda gedən proseslərə, problemlərinin həllinin təhlükəsiz şəraitdə həyata keçirilməsinə əsaslı olaraq təsir göstərə bilər”.
Anar Rəhimov, Bizim.Media