“Əlbəttə ki, Azərbaycan Ermənistan sərhədində beton səddlərin çəkilməsi müdafiənin və təhlükəsizliyin bir vasitəsi ola bilər. Beton səddlərin qurulmasının texniki əsasları olmalıdır. Bunun üçün əvvəlcə minalanmış zonalar təyin edilməlidir. Daha sonra bu hərbçilər və texniki heyətin müzakirəsindən sonra həyata keçirilə bilər”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Fikrət Sadıxov Ermənistan və Azərbaycan sərhdində təhlükəsizliyi qorumaq üçün beton səddlərin yerləşdirilməsi məsələsinə fikir bildirərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Erməni polkovnikdən ŞOK ETİRAF: “Laçın və Kəlbəcərdə 17 yük maşını mina basdırdıq” - VİDEO
Onun sözlərinə görə bu proses barəsində danışmaq hələ ki, tezdir.
“İlk əvvəl sərhədlərin delimitasiya məsələləri həll edilməlidir. Hazırda bu iş davam edir və siyasi müstəvidə həll olunur. Əgər biz indidən sərhəddə beton səddlər quraşdırsaq, erməni tərəfinin təxribatları da artacaq. Konkret orada sərhəd xətti çəkildikdən sonra bu barədə müzakirələrə başlamaq olar. Azərbaycanın Qazax zonasında altı kəndi və Naxçıvanda Kərki kəndi hələ də ermənilərin nəzarəti altındadır. Bu məsələlər həll olunduqdan sonra beton səddlər çəkilə bilər”.
Fikrət Sadıxov həmçinin qeyd edib ki, hazırda Azərbaycan tərəfi bütün cəhdləri ilə Ermənistandan mina xəritələrini tələb etməlidir.
“Onlar bizə qarşı müxtəlif tələblər qoyur. Terrorçuları hərbi əsrlər adlandırır, Qərb ölkələrindən Azərbaycana tələblər ünvanlamağı xahiş edirlər. Biz ermənilərin törətdikləri hər bir cinayəti qabardıb beynəlxalq təşkilatlarda müzakirə predmetinə çevirməliyik. Burada diplomatik istiqamət daha da güclü şəkildə öz əksini tapmalıdır”.
Hərbi ekspert Ədalət Verdiyev isə Bizim.Media-ya açıqlamasında sərhədlərdə hələ delimitasiya prosesi getdiyi üçün bu məsələnin müzakirə predmeti olmadığını vurğulayıb:
“Dünya praktikasında belə bir təcrübə var. Ancaq ilk növbədə sərhədlərin delimitasiyası, sonra isə demarkasiyası keçirilməlidir ki, sərhəd xətləri tam dəqiq təyin olunsun. Ermənistan isə bu prosesləri mümkün qədər ləngitməyə çalışır. Lakin gələcəkdə sərhəddə beton səddlərin çəkilməsi istisna deyil. Bu da sərhəddə baş verən müxtəlif təxribatların qarşısının alınması üçün köməkedici vasitə ola bilər”.
Vüsalə Balayeva, Bizim.Media