Gizli razılaşmanın detalları ÜZƏ ÇIXDI – Ukraynada sülh bu yolla təmin OLUNACAQ

Hazırda oxunan: Gizli razılaşmanın detalları ÜZƏ ÇIXDI – Ukraynada sülh bu yolla təmin OLUNACAQ

237005

Trampın Ukrayna savaşını dayandırmaq istiqamətində göstərdiyi səylər nəticəsində, aydın məsələdir ki, tərəflərdən hər biri müəyyən güzəştlərə getməli olacaq. Bu isə o deməkdir ki, danışıqlar nəticəsində Ukrayna indi itirdiyi heç də bütün əraziləri geri qaytara bilməyəcək. Rusiyanın özü də müəyyən geri çəkilmələrə getməli olacaq.

Tramp fevralın 27-də Ağ Evdə Nazirlər Kabinetinin ilk iclasında qeyd edib ki, ABŞ itirilmiş ərazilərin bir hissəsinin Ukraynaya qaytarılması ilə bağlı müzakirələr aparmağa çalışacaq.

Üstəlik, ABŞ-ın Bayden dönəmindən Rusiya ilə gizli danışıqlar apardığı da üzə çıxıb. Rusiya və ABŞ nümayəndələri Ukraynada müharibəyə son qoyulmasını müzakirə etmək üçün bir neçə dəfə İsveçrədə gizli görüş keçiriblər. Bu görüşlər zamanı Ukrayna ilə bağlı ilkin razılığın əldə olunduğuna dair iddialar da var idi.

Lakin dünən Ağ Evdə baş tutan görüş bütün proqnozları alt-üst etdi. Belə ki, Trampla Zelenskinin bütün dünyanın gözü qarşısında mübahisəsi, Ukrayna liderinin mineral sərvətlər haqqında sazişi imzalamadan Ağ Evi tərk etməsi vəziyyəti daha da çətinləşdirib. Doğrudur, sözügedən mübahisənin əvvəlcədən qurulmuş tamaşa olduğunu iddia edənlər də az deyil. 

Ancaq bütün baş verənlərə rəğmən həm Rusiya, həm ABŞ, həm də Ukrayna sülh istədiyini deyir. Təbii ki, hər tərəf öz maraqlarına uyğun formada sülhün təmin olunmasında maraqlıdır. O da aydındır ki, bütün savaşların sonu sülhlə bitir. 

Bəs Ukraynada sülh hansı yolla təmin olunacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirir ki, bu məsələdə Azərbaycanla Ermənistan arasında 1994-cü ilin Bişkek protokoluna uyğun bir mənzərə formalaşacaq:

“Uzağı olsa-olsa təmas xəttidə BMT-nin müşahidəçiləri müşahidə aparacaqlar. Son sülhdən danışırıqsa, aydın məsələdir ki, Ukrayna mövcud vəziyyətdə atəşkəsə razılıq versə də, torpaqlarının əbədi olaraq itirilməsilə heç zaman barışmayacaq. Rəsmi Kiyev bütün diqqətini əsaslı silah istehsalına yönəltsə, Avropa da bütün imkanlarını səfərbər edib, Ukraynaya maliyyə və hərbi yardımı gücləndirsə, bu halda onlar rus ordusunu geri oturdub öz ərazi bütövlüyünün bərpasına nail ola bilərlər.

Əks halda, Trampın sözünə inansaq, Ukraynanın boynuna qoyurlar ki, əraziləri itirmək şərtilə ya daimi sülhə nail olsun və daim Rusiyanın nəzarəti altında olan dövlətə çevrilsin, ya da atəşkəs elan edib, Azərbaycanda olduğu kimi 20-30 ilə qüvvə toplayaraq, Rusiyanın zəifləməsini gözləsinlər. Başqa çıxış yolu yoxdur”.

Müsahibimiz qeyd edir ki, mövcud şəraitdə istənilən atəşkəs və ya sülh müqaviləsi Ukraynanın böyük məğlubiyyəti deməkdir:

“Ukraynanın hakim siyasi sinfi son 35 ildə özünü çox məntiqsiz, ağılsız aparmışdı. Ona görə də indi onun acısını çəkirlər”.

Ukraynada sülhün hansı yolla təmin edilməsinə gəlincə...

“Təmas xəttində hansısa başqa ölkələrin qoşunlarının yerləşməsinə Moskva heç bir halda razılıq verməyəcək. Gəlsə, Avropa İttifaqı qoşunları gələcək ki, buna razılıq verməsi də o demək olacaq ki, Moskva NATO qoşunlarının Ukraynaya gəlməsinə razı olur. Ona görə də Rusiya buna razılıq verməyəcək.

Başqa təşkilat və dövlətlərin qüvvələri də gəlməyəcək. Bu səbəbdən düşünürəm ki, Azərbaycanla Emənistan arasında 1994-cü ilin Bişkek protokolunda olduğu kimi, Ukrayna və Rusiya tərəfi atəşkəsə riayət edəcəklərinə dair protokol imzalayacaqlar. Yəni onlarda da təxminən Bişkek protokoluna uyğun bir model tətbiq olunacaq. Maksimum hansısa BMT müşahidəçisi gəlib bu və ya digər tərəfdən atəşkəs rejiminin pozulub-pozulmadığı barədə məlumat toplayacaqlar”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin