Bayden hakimiyyətinin Ukraynaya XƏYANƏTİ – ABŞ-Rusiya gizli danışıqlarının SENSASİON DETALLARI

Hazırda oxunan: Bayden hakimiyyətinin Ukraynaya XƏYANƏTİ – ABŞ-Rusiya gizli danışıqlarının SENSASİON DETALLARI

236302

Ukraynanın arxasında dayandığını pafosla bəyan edən bəzi qüvvələr sən demə gizlincə, son 3 ildə Kiyevin xəbəri olmadan Rusiya ilə danışıqlar aparırmışlar. 

Belə ki, ABŞ-ın Bayden dönəmindən Rusiya ilə gizli danışıqlar apardığı üzə çıxıb. Rusiya və ABŞ nümayəndələri Ukraynada müharibəyə son qoyulmasını müzakirə etmək üçün bir neçə dəfə İsveçrədə gizli görüş keçiriblər.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi adı açıqlanmayan mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin mənbələrindən verilən məlumata görə, görüşlərin çoxu ötən aylarda, biri isə keçən həftə baş tutub.

“Bəzi təmaslar prezident Donald Trampın 5 noyabr 2024-cü il seçkilərində qalib gəlməsindən sonra keçid dövründə baş verib. Bu danışıqların iştirakçıları diplomatik və təhlükəsizlik təcrübəsinə malik olsalar da, onlar dövlət rəsmiləri deyillər və onların hökumətləri tərəfindən göndərilib-göndərilmədiyi sual altındadır”.

Nəşrin mənbələri danışıqlarıda iştirak edənlərin adlarını çəkməkdən imtina edib. Lakin onlar qeyd ediblər ki, Trampın müşavirləri həmin görüşlərdən xəbərdardır:

“Bir çox başqa təfərrüatlar, o cümlədən görüşlərin gündəliyi, onların nə vaxt başladığı və ukraynalıların iştirak edib-etməməsi hələ də qeyri-müəyyən olaraq qalır. Lakin görüşlər Trampın sələfi, keçmiş prezident Co Baydenin dövründə baş tutub. Bu, rəsmi təmasların demək olar ki, dondurulmasına baxmayaraq, ABŞ və Rusiyanın Ukraynada müharibəyə son qoymaq yollarını tapmaq üçün pərdəarxası səyləri davam etdirdiklərini göstərir”.

Agentliyin mənbələrindən biri İsveçrədəki danışıqları “track two”, yəni konkret təkliflər hazırlamaqdansa, ünsiyyəti yaxşılaşdırmaq və fikir mübadiləsi aparmaq məqsədi daşıyan qeyri-rəsmi dialoq kimi qiymətləndirib.

Sözügedən məlumatlarla bağlı Ağ Evin Milli Təhlükəsizlik Şurası, Ukrayna hökuməti və Rusiya Xarici İşlər Nazirliyi açıqlama verməkdən imtina ediblər.

“Əsas məsuliyyəti Blinken daşıyır”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov belə gizli danışıqların olmasının əslində sirr olmadığını deyir:

“Vaşinqtonla Moskva arasında Ukrayna müharibəsinin əvvəlindən gizli təmasların olduğu əvvəldən bəlli idi. Baydenin özünün bu prosesdə şəxsi iştirakı olubsa da, çox cüzi olub. Bu prosesdə əsas məsuliyyəti daşıyan Blinken və bəzi üzdə olmayan şəxslərdir.

Blinkenin özü də güclü siyasətçi deyil. Amerika siyasəti tarixində ən zəif dövlət katibi olub. Onun adını poçtalyon qoymuşdular. Burada satmaqdan söhbət getmir. Onsuz da böyük dövlətlər həmişə bir-birilə münasibətlərdə alver aparır”.

“Bayden Ukrayna müharibəsində külli miqdarda pul yuyub”.

T.Abbasovun fikrincə, Tramp ənənəvi normalardan uzaqlaşaraq siyasətə yeni prinsiplər, yeni ab-hava gətirir:

“Demokratlar göstərmək istəyirdilər ki, guya dəyərlərə tam sadiqdir və Rusiyaya güzəştə getməyəcəklər. Tramp isə Avropanın xərclərini boynuna götürmür. Tramp deyir ki, Bayden Ukrayna müharibəsində külli miqdarda pul yuyub. Bu əsasda da Federal Tədqiqatlar İdarəsinə pulların hara xərcləndiyini araşdırmağı tapşırıb. Təbii ki, burada uduzun əsas ölkə Ukraynadır. Onun ərazisi müharibə meydanına çevrilib, böyük itkilərə məruz qalıb”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin