Prezident Ballıca sakinlərinin EVİNDƏ - FOTO

Hazırda oxunan: Prezident Ballıca sakinlərinin EVİNDƏ - FOTO

235564

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, sonra kəndə köçən bir qrup sakinlə görüşüb.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə kənd sakini Məmməd Quliyevin evində yaradılan şəraitlə tanış olub.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Xocalının Ballıca kəndinə köçən sakinlərlə GÖRÜŞDÜ - FOTO


Kişi sakin: Cənab Prezident, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Salam, xoş gördük.

Qadın sakin: Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Necəsiniz?

Kişi sakin: Çox sağ olun, Xocalı rayonunun Ballıca kəndinə xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sağ olun.

Kişi sakin: Allah Sizi qorusun, bu günü bizə yaşatdınız.

Prezident İlham Əliyev: Sağ olun.

Kişi sakin: 30 illik həsrətimizə son qoydunuz.

Prezident İlham Əliyev: Çox sağ olun.

Kişi sakin: Sağ ol, qadan alım.

Prezident İlham Əliyev: Siz bu kənddənsiniz?

Kişi sakin: Bəli. Buyurun keçin.

Xoş gəlmisiniz, cənab Prezident, Sənə qurban olum.

Prezident İlham Əliyev: Xoş gördük. Necə yaşayırsınız burada?

Kişi sakin: Yaxşı, keç stolun başına, keç oraya. Sənə qurban olum, sən gələn yollara qurban olum.

Prezident İlham Əliyev: Ballıca kəndinə yerləşdiyiniz üçün sizi təbrik edirəm.

Kişi sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Əyləş qızım. Uzun illərin həsrətinə son qoyduq.

Kişi sakin: Allah Sənə dəyməsin, intizarımıza son qoydun. Bu elə-belə son deyil. Bu, böyük sondur.

Prezident İlham Əliyev: Vaxtilə işğal altında olmuş bütün şəhər və kəndlərimizi indi bərpa edirik. Ballıca kəndi 10-cu yaşayış məntəqəsidir ki, işğaldan sonra biz artıq bu kəndi də bərpa etdik. Mənə verilən məlumata görə, artıq 460 keçmiş köçkün burada yerləşib, 137 ev bərpa edilib və əlavə təqribən 60-a yaxın ev də bərpa olunacaq. İndi 460 insan artıq bu kənddə yerləşib, şərait də yaxşıdır.

Kişi sakin: Qəşəng şəraitdir. Hamısı da eynidir.

Prezident İlham Əliyev: Evlər bərpa edilib, yenidən tikilib. Burada rahat yaşamaq üçün bütün şərait, imkanlar var. Bildiyiniz kimi, Ballıca kəndini biz 2023-cü ilin sentyabrında azad etdik. Torpaqlarımızın işğaldan azad edilməsi mərhələli yollarla təmin olunmuşdur. İkinci Qarabağ müharibəsi və ondan sonra antiterror əməliyyatı ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsinə gətirib çıxardı, separatçıların kökü kəsildi. Azərbaycan ərazisində separatizmin kökü tam kəsilmişdir və Azərbaycan vətəndaşları öz doğma torpağına qayıda bilirlər. İndi hər yerdə quruculuq, bərpa işləri aparılır. Dünən mən Ağdam rayonunda idim.

Ağdam şəhəri sıfırdan inşa edilir və gözəl şəhər olacaq. Xankəndini də biz bərpa edəcəyik və vaxtilə burada yararsız vəziyyətə düşmüş binalar indi sökülür, yeni binalar inşa edilir və ediləcək. Bildiyiniz kimi, Qarabağ Universiteti artıq fəaliyyət göstərir və bu il yeni korpuslar inşa olunacaq. Artıq orada mindən çox tələbə oxuyur. Ona görə hər cür şərait var - ali məktəb var, orta məktəblər var, xəstəxanalar, ictimai yerlər, iş yerləri. Bu gün mən tikiş fabrikinin fəaliyyəti ilə tanış oldum.

Artıq 200-dən çox işçi var. Özü də əksəriyyəti, demək olar ki, mütləq əksəriyyəti qadınlardır. Qadınlar üçün də iş yerləri yaradılıb. Əsas odur ki, indi tikinti-bərpa işləri sürətlə getsin. Bunun üçün bütün gücümüzü səfərbər etmişik, o cümlədən Ballıca kəndinin bərpası da artıq son mərhələdədir. Təbii ki, Ballıcada olub, balın dadına baxmamaq mümkün deyil. Bu, Ballıca balıdır, yoxsa başqa yerdən gətirilib?

Qadın sakin: Bunu öz təsərrüfatımdan gətirmişəm, inşallah, gələcəkdə...

Xüsusi nümayəndə Elçin Yusubov: Cənab Prezident, vətəndaş özü arıçılıqla məşğuldur.

Qadın sakin: Təsərrüfatım da var.

Prezident İlham Əliyev: Əlavə tövlə də tikiləcək?

Qadın sakin: Əlavə tövlə də tikiləcək.

Prezident İlham Əliyev: Mal-qara var?

Qadın sakin: Bəli, 20 baş varımdır. Arım da var.

Elçin Yusubov: Satış üçün dükan da verdik cənab Prezident.

Prezident İlham Əliyev: Örüş yerləri də...

Elçin Yusubov: Var, var. Siz tapşırıq verdiniz, artıq danışmışam.

Prezident İlham Əliyev: Bəli, tapşırıq verdim ki, torpaq sahələri ayrılsın, həm örüş yerləri, həm əkinçilik üçün. 

Kişi sakin: Çox sağ ol, cənab Prezident. Ulu Öndər Heydər Əliyev o vaxt Azərbaycanın rəhbərliyində olsaydı, bu bəlalar başımıza gəlməzdi. Allah onun yerini behişt eləsin, Səni də ömür boyu Azərbaycanın üstündən əskik etməsin.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Kişi sakin: İndiyədək ermənilər müsəlmanları qırıb. Onların cavabını Sən verdin. Allah Səni qorusun, balalarını qorusun!

Qadın sakin: Allah şəhidlərimizə də rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

Prezident İlham Əliyev: Sağ ol ağsaqqal, çox sağ ol. Bu, bizim borcumuz idi, torpaqlarımızı işğalçılardan azad etmək bizim milli ideyamız idi. Bütün Azərbaycan xalqının iradəsi və şəhidlərimizin, qəhrəmanların fədakarlığı, şücaəti hesabına biz buna nail olmuşuq.

Kişi sakin: Olmusan. Olmusan, Sənə qurban olum.

Prezident İlham Əliyev: Təbii olaraq Ali Baş Komandan kimi bütün əməliyyatlara özüm rəhbərlik etmişəm və yenə də deyirəm, mənim üçün Prezident kimi bu vəzifədən daha ümdə vəzifə olmayıb heç vaxt. Bütün prezidentlik dövrümü də buna həsr etmişəm ki, biz torpaqlarımızı azad edək, işğalçıları torpağımızdan qovaq, haqq-ədaləti və milli ləyaqətimizi bərpa edək. Buna da nail olduq.

Kişi sakin: Sən oldun Prezidentim, sənə qurban olum,

Prezident İlham Əliyev: Çox sağ ol. Əlbəttə ki, siz də qeyd etdiyiniz kimi, əgər Ulu Öndər Heydər Əliyev o vaxt Azərbaycanda hakimiyyətdə olsaydı, heç vaxt torpaqlarımız işğal altına düşməzdi. Bilirsiniz ki, o illərdə qanunsuz Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı və fəaliyyət göstərirdi. Ulu Öndər çalışırdı ki, burada yaşayan azərbaycanlıların hüquqları təmin edilsin. Ancaq o, 1980-ci illərin sonlarında siyasi səhnədən gedəndən sonra bizim başımıza bu bəla gəldi.

Yəni, o, istefa verəndən iki həftə sonra erməni separatçıları baş qaldırıb bizə qarşı ərazi iddiası ilə çıxış etmişdilər. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi bu məsələyə laqeyd yanaşdı. Faktiki olaraq fəaliyyətsiz idi və separatçılar daha geniş imkanlara malik oldular.

Mərkəz, yəni Sovet İttifaqının rəhbərliyi onların tərəfində idi, ovaxtkı Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün bütün çirkin əməllərindən də çəkinmirdi. Burada xüsusi komitə yaradıldı və o komitə faktiki olaraq Qarabağı Azərbaycandan ayırmaq üçün bir vasitə idi. Mən sovet dövrünün tarixini qeyd edirəm.

O ki qaldı, müstəqillik dövrünə, müstəqillik elan olunandan dörd ay sonra Xocalı soyqırımı törədildi, bu da böyük vəhşilik, barbarlıq idi. Ondan sonra digər kəndlərimizin sakinləri soyqırımına məruz qaldılar, bütün azərbaycanlılar Xankəndidən və ətraf kəndlərdən didərgin salındılar. Sonra yeddi rayonumuz işğal edildi. Bütün bunlar ovaxtkı Azərbaycan rəhbərliyinin cinayətləri nəticəsində baş vermişdir. Əgər Heydər Əliyev xalqın tələbi ilə vaxtında hakimiyyətə gəlməsəydi və o vaxt müharibə dayanmasaydı, bəlkə də daha da böyük ərazilər işğal altına düşərdi.

Kişi sakin: Heydər baba gəlməsəydi, hamısı xanlıq olub hərəsi bir tirə aparası idi, burada dövlət olmayacaqdı. Hər şey göz qabağında idi.

Prezident İlham Əliyev: Bəli, düz deyirsiniz, elədir. Dövlət qurdu, ordu qurdu. Azərbaycan vətəndaşları indi burada gözəl evlərdə rahat yaşayırlar. Ev-eşik, təsərrüfat, mal-qara, hər şey. Bal da, maşallah çox dadlıdır. Bu bölgənin balının da fərqli dadı var.

Kişi sakin: Bu, qaratikan balıdır.

Prezident İlham Əliyev: Mən 2020-ci ildən sonra - müharibədən sonra, Zəfərimizdən sonra ancaq bu bölgənin balını yeyirəm. Kəlbəcər və Laçın balını. İndi Ballıca balı da yedim.

Kişi sakin: Mən ürəyimdə deyirdim ki, İlahi, görəsən qismət olar ki, gedək Ballıcadan keçək, Vətənə baxaq? Ay Allah, bu günü bizə nəsib eləyənə qurban olum. Bu, böyük Qələbədir, böyük Qələbədir.

Prezident İlham Əliyev: Sizi bir daha təbrik edirəm, xoşbəxt yaşayın.

Kişi sakin: Çox sağ olun.

Daha sonra Prezident İlham Əliyev kənd sakini Əvəz Orucovun evində yaradılan şəraitlə tanış olub.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin