Məlum olduğu kimi, 150-dən çox bələdiyyənin fəaliyyətində cinayət əməli aşkarlanıb. Bu məsələ Milli Məclisdə də müzakirəyə çıxarılıb və vurğulanıb ki, bələdiyyələr hələ də qanunvericiliyin müddəalarını bilmirlər.
Azərbaycanda bələdiyyə institutu təkmilləşməsi üçün bir sıra islahatlar həyata keçirilib, qanun qəbul edilib. “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsinin qəbul edilməsinin də bələdiyyələrin formalaşdırılmasına, onların fəaliyyətinin yüksəldilməsinə təkan verəcəyi qeyd olunmuşdu.
Bələdiyyələrin adının tez-tez cinayət əməllərinin və qanunsuzluqların olması istiqamətində fikirlər bir qədər təzadlıdır. Bəzi hallarda buna səbəb kimi bələdiyyələrin məsuliyyətsizliyi, səriştəsizliyi, vəzifədən sui-istifadənin edilməsi, bəzi hallarda isə qanunun tətbiqində boşluqlar olduğu vurğulanır.
Müqəssir kimdir?
Mövzu ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Bizim.Media-ya danışıb. O bildirib ki, bələdiyyələrin məsuliyyətsizliyi, vəzifələrindən sui-istifadə etmələri heç də qanunda olan boşluqlarla əlaqələndirilməməlidir:
“2009-2024-cü ildə bələdiyyələrdə həyata keçirilən islahatlar - onların bəzilərinin ləğvi, bəzilərininsə birləşməsi göstərdi ki, dövlət yerli özünü idarəetmə orqanlarının təkmilləşməsində maraqlıdır. Artıq bir çox qanun və əsasnamələr eləcə də bələdiyyələri islahatlarındıran aktlar qəbul edilib. Qanunlara əlavə və dəyişikliklər edilib. Əlbəttə bələdiyyə sahəsində çalışan və üzv olan hər kəs qanunları mükəmməl bilməli, fəaliyyətini bu əsasda qurmalıdır".
Onun sözlərinə görə, bir sıra bələdiyyələr hələ də qanunvericiliyə lazımi qaydada müraciət etmirlər:
"Məhz buna görə də qanunların icrasına biganəlik, xoşagəlməz hallar baş verir. Onlarla bələdiyyə hər il inzibati məsuliyyətə cəlb edilir. Bir çox cinayət törədirlər və nəticədə bələdiyyələrin imicinə böyük ziyan vurulur. Hər kəs çalışdığı sahədə qanunun tələblərinə əməl etməlidir.
Ölkədə öz işini bacaran bələdiyyələr də var. Sözsüz ki, onların bu fəaliyyəti nümunə kimi göstərilməlidir. Bələdiyyələrin məsuliyyətsizliyi, vəzifələrindən sui-istifadə etmələri heç də qanunda olan boşluqlarla əlaqələndirilməməlidir. Çünki qəbul olunmuş qanunlarda dövrün tələbi yeni reallıqlarla əlaqədar lazımi düzəlişlər edilir və o bələdiyyələr üçün bir fakt kimi təqdim edilir. Ən başlıcası odur ki, bələdiyyələr öz fəaliyyətləri zamanı qanunvericiliyi özləri üçün əsas tutmalıdırlar”,- deyə o fikrini yekunlaşdırıb.
Qanunsuzluq hallarının qarşısı necə alına bilər?
Millət vəkili Kamran Bayramov isə qeyd edib ki, bələdiyyə sədrlərinin pozuntulara yol verməsinin səbəbləri qanunvericiliyə bələd olmaması, müəyyən qaydaların öyrənilməməsidir.
"Həmçinin bilərəkdən sui-istifadə hallarına yol verilməsi məsələsi kimi qəbul edilə bilər. Bu cür halların qarşısının alınması üçün buna rəvac verən səbəblər deyil, daha çox bələdiyyə sədrlərinin əməllərinin düzgün qiymətləndirilməsinə diqqət çəkilməlidir. Ədliyyə Nazirliyi də qanunsuzluqlar aşkarlandıqda aidiyyatı qurumlara müraciət edir, həmin bələdiyyə üzvləri barədə müəyyən ölçülər götürür. Bu cür halların təkrarlanmaması məqsədilə bələdiyyələrin maarifləndirilməsi işinə kifayət qədər diqqət yetirilməlidir",- deyə o fikrini yekunlaşdırıb.
Ayşən Rəhim, Bizim.Media

- A-
- A
- A+
Siyasət
10:20 / 20.02.2025
Deputatlardan bələdiyyələrə SƏRT TƏNQİD: “Törətdikləri cinayətlərə görə...”
Hazırda oxunan: Deputatlardan bələdiyyələrə SƏRT TƏNQİD: “Törətdikləri cinayətlərə görə...”
Hazırda oxunan: Deputatlardan bələdiyyələrə SƏRT TƏNQİD: “Törətdikləri cinayətlərə görə...”
235453
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.