ABŞ və İsrail hazırlıqlara BAŞLADI – “İranın bu bölgələrinə zərbələr ENDİRİLƏCƏK”

Hazırda oxunan: ABŞ və İsrail hazırlıqlara BAŞLADI – “İranın bu bölgələrinə zərbələr ENDİRİLƏCƏK”

235133

Trampın səlahiyyətlərə başlaması ilə ABŞ-la İsrail arasında hərbi əlaqələr yenidən geniş vüsət almağa başlayıb. Bu yaxınlarda Prezident Donald Tramp tərəfindən İsrailə ağır bombaların göndərilməsi məsələsi təsdiqlənib.

Hətta bu sursatın bir hissəsi artiq İsrailə çatdırılıb.

Hansı ki, əvvəlki Prezident Co Bayden Qəzzada dinc əhali arasında itkilər olduğu üçün İsrailə ağır bombaların göndərilməsini dayandıraraq bu məsələyə veto qoymuşdu.
 

MÖVZU İLƏ BAĞLI:

Husilər ABŞ və İsraili HƏDƏLƏDİ: "Hücum edəcəyik…"


Məlumata görə, daşınmada Tramp administrasiyası tərəfindən təsdiqlənmiş MK-84 tipli ağır bombalar olub. Tramp administrasiyası İsrailə ümumilikdə 7,4 milyard dollar dəyərində bomba, sursat və raket satışına icazə verib.

İsrailin müdafiə naziri İsrael Katz isə bildirib ki, çatdırılma "İsrail ordusu üçün strateji əhəmiyyət kəsb edir və İsrail ilə ABŞ arasında möhkəm müttəfiqliyin daha bir sübutudur". ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) bildirib ki, satış İsrailin cari və gələcək təhdidlərə qarşı müdafiə qabiliyyətini artıracaq və regional çəkindiriciliyi gücləndirəcək.

“Günahkar İrandır”

Bundan əlavə, ABŞ dövlət katibi Marko Rubio da İsrailə səfər edib. Bazar günü o, İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Ardınca, keçirilən brifinqdə bildirib ki, hər bir terror qruplaşmasının, hər zorakılıq aktının, sabitliyi pozan hər bir fəaliyyətin, bu regionu vətəni adlandıran milyonlarla insanın sülh və sabitliyi təhdid edən hər şeyin arxasında İran dayanır.

Onun sözlərinə görə, İran regionda qeyri-sabitliyin yeganə mənbəyidir:

“Heç vaxt İranın nüvə silahı ola bilməz. Bu heç vaxt baş verə bilməz. Daim qeyd etmək vacibdir ki, biz HƏMAS və ya Hizbullahdan, ya İordan çayının qərb sahilindəki zorakılıqdan, Suriyadakı sabitliyin pozulmasından və ya İraqdakı milislərdən danışırıqsa, hamısının arxasında bir ümumi mövzu dayanır”.

Qeyd edək ki, İsrail Baş Qərargah rəisi general Herzi Halevi fevralın 17-20-də ABŞ-da rəsmi səfərdə olacaq.

İrana qarşı ortaq hücum hazırlanır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, Tehran Qərbin tələblərinə əməl etməsə, onun nüvə obyektləri zərbəyə məruz qalacaq:

“Məlumdur ki, Bayden adminstrasiyası ağır bombaların İsrailə verilməsini qadağan etmişdi. Səbəb olaraq da Qəzza zolağında həmin bombalardan istifadənin böyük insan itkisinə gətirib çıxaracağı göstərilirdi. Lakin Tramp Baydenin qoyduğu bu qadağanı aradan götürdü. Hazırda İsraillə HƏMAS arasında atəşkəs rejimi hökm sürür. Ehtimal var ki, proses sülh razılaşması ilə yekunlaşacaq.

ABŞ həmçinin, Qəzzadan 2 milyon insanı çıxarıb, qonşu ölkələrdə yerləşdirməyi də düşünür. Bu bombaların verilməsi həmin planın tərkib hissəsi ola və gələcəkdə Qəzzada yenidən hərbi əməliyyatlar başlaya bilər”.

Ekspert qeyd edir ki, İrana yönəlik əməliyyatlar qüvvədə qalmaqdadır:

“İran artıq uranın 80 faizlik zənginləşdirilməsinə nail olub. Nüvə silahı yaratmaq üçün isə 90-94 faiz uranın tərkibindəki U-235 izotopunu zənginləşdirmək tələb olunur. Tramp hələlik İrana qarşı bombardmanlardan istifadə etmək istəmədiyini deyir. Ancaq məsələ qüvvədən də düşməyib. Tehran isə nüvə silahı yaratmaq niyyətinin olmadığını bəyan edir.

Yanvar ayında Avropanın bir neçə dövlət rəsmilərilə İran rəsmiləri arasında danışıqlar oldu. Onlar danışıqları davam etdirmək qərarına gəliblər. Ancaq İran Qərbin tələblərinə əməl edib, yeni razılaşma imzalamasa, onun nüvə obyektlərinin bombalanması gündəmə gələcək. Bu əməliyyatar zamanı isə MK84 tipli ağır aviabombalardan istifadə də istisna deyil”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin