Beynəlxalq hüququn İFLASI – Trampın addımları dünya düzənini NECƏ DƏYİŞƏCƏK?

Hazırda oxunan: Beynəlxalq hüququn İFLASI – Trampın addımları dünya düzənini NECƏ DƏYİŞƏCƏK?

233692

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinin(BCM) ölkə vətəndaşları və ya İsrail kimi müttəfiqləri ilə bağlı araşdırmalarında çalışan şəxslərə qarşı iqtisadi və viza sanksiyaları tətbiq edib.

Sanksiyalar siyahıda olan şəxslərin ABŞ-dakı hər hansı aktivlərinin dondurulmasını və onların və ailələrinin ölkəyə səfərinin qadağan edilməsini əhatə edir. Məhdudiyyətlərə məruz qalanların adları açıqlanmır.
 

MÖVZU İLƏ BAĞLI:

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya TƏTBİQ ETDİ


Xatırladaq ki, noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsinin ilkin istintaq palatası İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib.

Trampın bu qərarı beynəlxalq hüquq sistemini məhvə sürükləyir ki?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirir ki, Donald Trampın Beynəlxalq Cinayət Məhkəməsinin(BCM) əməkdaşlarına qarşı sanksiyalar tətbiq etməsi ABŞ-ın uzun müddətdir bu quruma qarşı sərgilədiyi mövqeyinin davamıdır:

“ABŞ BCM-nin üzvü deyil, ona qoşulmayıb və həmin qurumun yurisdiksiyasını tanımır, ona ölkənin milli maraqlarına potensial təhlükə kimi baxır. BCM müxtəlif ölkələrdə beynəlxalq cinayətlərin baş verməsilə bağlı yurisdiksiyaya malikdir. ABŞ-ın da müxtəlif ölkələrdə hərbçiləri var. Həmin ərazilərdə onlar tərəfindən beynəlxalq cinayətlər baş verirsə, onda həmin şəxslər məsuliyyətə cəlb oluna bilər”.

Beynəlxalq ədalət mühakiməsinin nüfuzuna zərbə

Həmsöhbətimiz düşünür ki, Trampın bu addımı beynəlxalq hüquq və qlobal ədalət sisteminin sarsıdılması kimi interpretasiya edilə bilər:

“BCM müharibə və insanlığa qarşı cinayətlərin araşdırılmasını həyata keçirən əsas qurumdur. ABŞ kimi bir gücün həmin məhkəməyə sanksiya tətbiq etməsi beynəlxalq ədalət mühakiməsinin nüfuzuna təsir göstərə bilər. Onsuz da BCM-nin nüfuzu getdikcə zəifləyirdi. Çünki ABŞ-a qədər digər ölkələr də BCM-nin qərarlarına təsir göstərməyə cəhd ediblər. Xüsusən də Fransa bu istiqamətdə ciddi canfəşanlıq edib.

BCM-nin ayrı-ayrı sabiq üzvləri tərəfindən səslənən fikirlər də göstərir ki, belə bir nüfuzlu qurumda çalışanlar həmin vəzifəni tərk edəndən sonra siyasətin təsiri altına düşürlər. Elə vaxtilə BCM-nin prokuroru olan Tampanonun daim Ermənistanın maraqlarından çıxış etməsi göstərir ki, o artıq ələ alınıb və hüquqi ləyaqətini itirib”.

“Beynəlxalq təhlükəsizlik sistemi dağılmaqdadır”

Müsahibimizin fikrincə, Trampın belə yanaşması qlobal hüquq sistemi üçün ikili standartların yaradılmasına da gətirib çıxaracaq:

“Güclü dövlətlər BCM-nin fəaliyyətini məhdudlaşdırmağa çalışırsa, bu məhkəmənin universallığı və effektivliyini zəiflədəcək. Bu addım həmçinin beynəlxalq münasibətlərdə yeni gərginliyə səbəb olacaq. Bəzi digər ölkələr də ABŞ-ın bu mövqeyinə qarşı siyasi və diplomatik tədbirlərə əl ata bilərlər. Bu gün beynəlxalq nizam pozulur, beynəlxalq təhlükəsizlik sistemi dağılmaqdadır. Yeni dünya düzəni yaranır ki, burada da güc həlledici rola keçir. Əvvəllər isə hansısa bir nizam vardı. Bu mənada Trampın həmin addımı beynəlxalq hüquq və idarəetmə sisteminin sarsılmasına yeni töhfələr verəcək”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin