Xəbər verdiyimiz kimi, yanvarın 31-də İrəvanın mərkəzində bir neçə nəfərin “Qarabağ” mahnısı oxuduğunun videosu yayılmışdı. Çox qəribədir ki, hadisənin ertəsi günü həmin videonu özünün sosial şəbəkə hesabında yayan Qərib Babayan Ermənistan hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. O, çox ağırcinayətdə - nifrəti təbliğ etməkdə ittiham olunub.
Çox qəribədir ki, Ermənistanın güc strukturları Azərbaycan mahnısının oxunmasına görə İran vətəndaşı 40 yaşlı Milard Vahidi də saxlayıb.
MÖVZU İLƏ BAĞLI:
İrəvanda “Qarabağ” mahnısını oxuyan Vahid TUTULDU
Erebuni polis şöbəsinə aparılan Vahid, Tiqran Mets prospektində ictimai asayişi kobud şəkildə pozmaqda, cəmiyyətə hörmətsizlik etməkdə, həmçinin şəhər avtobusunda nalayiq hərəkətlər etməkdə ittiham olunub.
Mahnıya görə həbs
Bu gün Qərbə sığınan və güclü maliyyə və siyasi dəstək alan Ermənistan hökumətinin son addımı ABŞ və Avropa İttifaqının təbliğ etdiyi prinsiplərlə tərs-mütənasibdir. Çünki Qərb Ermənistanla əməkdaşlığını daha çox bu ölkədəki demokratiya və söz azadlığı ilə bağlayır. Halbuki, bir mahnıya görə Ermənistanın güc strukturları xarici vətəndaşı tutub barmaqlıqlar arasına salır.
Axı Azərbaycan dilində mahnı oxumaq Ermənistan Cinayət Məcəlləsinin hansı maddəsinə görə qanun pozuntusudur? Digər tərəfdən, Ermənistan rəsmiləri son dövrlərdə mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını deyirlər. Əgər onlar Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edirlərsə, sözügedən mahnıya görə niyə xarici vətəndaşı şərləyərək həbs edirlər?
Bu faktlar Ermənistanın qanunun aliliyinə nə dərəcədə “önəm verdiyinin” göstəricisidir.
Azərbaycanofobiya dövlət strukturlarına da sirayət edib.
44 günlük müharibədən 5 ilə yaxın vaxt keçsə də, Ermənistan reallıqlarla barışmaq və sülh sazişi imzalamaqdan qəti şəkildə boyun qaçırır. Baxmayaraq ki, baş nazir Nikol Paşinyan və onun yaxın ətrafı demək olar ki, hər gün bəyanat verirlər ki, “biz sülh sazişini imzalamağa hazırıq”.
Amma tək haqqında danışdığımız məsələ göstərir ki, nə Ermənistan rəhbərliyi, nə dövlət strukturları, nə də erməni cəmiyyəti sülhə hazırdır. Belə olmasa idi, bir mahnının səsləndirilməsinə görə iki nəfəri müxtəlif ağır maddələrlə həbsə atmazdılar.
Burda təəccüb doğuran digər məqam məsələnin Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən “araşdırılmasıdır”. Axı, nəyə görə Azərbaycanca mahnı oxumaq milli təhlükəsizlik məsələsi səviyyəsinə qaldırılr?!
Görünən odur ki, azərbaycanofobiya Ermənistanın dövlət strukturlarına dərindən sirayət edib.
Hökumətin bu addımı erməni cəmiyyətinə bir mesajdır
Bu hadisə əslində rəsmi İrəvanın nə qədər riyakar və ikiüzlü olmasının göstəricisidir. Sülhdən danışan bir hökumət bu cür addımlar atmalı deyil. Əksinə, cəmiyyəti davamlı sülhə hazırlamalıdır. Amma Paşinyan və onun komandası son addımları ilə erməni cəmiyyətinə mesaj verdi ki, hər hansı bir sülhdan, barışıqdan söhbət gedə bilməz.
Ermənistan hər zaman revanş arzusundadır. Ona görə də xalqın qəlbində azərbaycanlılara qarşı nifrəti alovlandırırlar. Bax, bir mahnıya görə rəsmi İrəvanın atdığı addımın izahı bu qədər sadə və bəsitdir.
Ermənistan sülhə hazır deyil
Görünən odur ki, “Njdeizm” millətçilik ideologiyası hələ də erməni cəmiyyətində dominantdır. Bu ideologiyanın aparıcı simaları da siyasi hakimiyyətdə təmsil olunurlar. Belə olmasa idi, hadisədən ötən 4 gün müddətində rəsmi İrəvan və ən azından Paşinyanı dəstəkləyən siyasi qüvvələr müəyyən münasibət bildirər, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin hərəkətini pisləyərdi.
Madam ki, dediyimiz kimi hərəkətlər edilməyib, deməli türkofobiya və azərbaycanofobiya ilə silahlanmış Ermənistan hökuməti və Ermənistan cəmiyyəti həm Azərbaycanla, həm də Türkiyə ilə dayanıqlı və davamlı sülhə hazır deyil.
Bu proseslər həm də onu göstərdi ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılması fikrində də səmimi deyil. Əksinə, Zəngəzur dəhlizinə Ermənistan sərhədçiləri və gömrükçüləri tərəfindən nəzarət edilməsi təklifi İrəvanın növbəti təxribatlar planlaşdırdığının göstəricisidir. Çünki bir mahnıya görə iki nəfəri cəzalandıran hakimiyyət Zəngəzur dəhlizindən keçən vətəndaşlarımızın təhlükəsizliyinə heç cür zəmanət verə bilməz.
Bizim.Media analitik qrupu