Milli Məclisin İnsan hüquqları komitəsinin yanvarın 23-də keçirilən iclasında komitə sədri Zahid Oruc ölkəmizdə referendumun keçirilməsi ilə bağlı fikirlərini bölüşüb. Komitə sədri bildirib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində müxtəlif yerli və beynəlxalq təşkilatlarla ardıcıl görüşlər keçiriləcək və müzakirələr təşkil ediləcək.
O həmçinin bildirib ki, “Konstitusiya və Suverenlik ili” çərçivəsində qarşıda bir çox çağırışlar, baxışlar var. Komitə sədri qeyd edib ki, bu çağırışlar arasında yeni referendumun keçirilməsi də var:
“Konstitusiya dövlət quruculuğunun Baş Planıdır, bu anlamda Zəfər Konstitusiyasının qəbul olunması da mümkündür. Yeni konstitusion quruluşlar məsələsi parlamentdə tez-tez qaldırılır.
İcra hakimiyyətləri sistemi ilə paralel xüsusi nümayəndəlik institutu formalaşıb. Bu, artıq tək azad edilmiş ərazilərdə deyil, həm də Naxçıvanda tətbiq olunur”.
Zahid Orucun bu açıqlaması referendumun keçirilməsi ehtimallarını gündəmə gətirib.
Referendum baş tutarsa, konstitusiyamızda hansı dəyişikliklər baş verə bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, hazırda Konstitusiya dəyişikliyinə ehtiyac yoxdur. Deputatın fikrincə, hazırkı Konstitusiyanın bütün müddəaları günün tələblərinə cavab verir:
“Vaxtaşırı belə müzakirələr gedir. Hesab edirəm ki, bu ilk növbədə gündəmdə olmaq üçün səsləndirilir. Yeni Azərbaycan Partiyasında bu istiqamətdə müzakirələr yoxdur.
Konstitusiya işləyir. Ona ehtiyac yaranacaqsa, şübhəsiz ki, partiya bununla bağlı məlumatlandıracaq və təbliğat işi aparacaq. Hesab edirəm ki, mövcud Konstitusiyanın bütün müddəaları günün tələblərinə cavab verir”.
Rüfət Sultan, Bizim.Media