Təhlükəli MİRAS – Bayden-Blinken tandemi dünyanı hansı fəlakətlərə SÜRÜKLƏDİ?

Hazırda oxunan: Təhlükəli MİRAS – Bayden-Blinken tandemi dünyanı hansı fəlakətlərə SÜRÜKLƏDİ?

230874

Yanvarın 20-də ABŞ-ın siyasi həyatında yeni dönəm başlayıb. Dünəndən etibarən, Donald Tramp ABŞ-ın 47-ci prezidenti kimi öz fəaliyyətinə start verib. Hər kəs ümid edir ki, Tramp Ağ Evin son 5 ildə dünyada həyata keçirdiyi bədnam siyasəti durduracaq və insanlığa və dünya dövlətlərinin inkişafına, sabitliyinə töhfə verəcək. Çünki son 5 ildə Co Bayden və onun bədnam komandası yüzminlərlə insanın ölümünə, onlarla ölkənin iqtisadi cəhətdən məhvinə səbəb oldu.

Bədnam Bayden-Blinken tandemi

78 yaşında prezidentlik kürsüsünə əyləşəndə Co Bayden əslində həm fiziki, həm də mənəvi cəhətdən tükənmişdi. Onun bu ayıbını gizlətmək üçün Baydenin imicmeykerləri onun sifətində kosmetik dəyişikliklər etsə də, zehnini yenidən format edə bilmədilər. Ona görə də Bayden yaddaşlarda xarakter kimi yox, “marionetka” kimi qaldı.

O fiziki cəhətdən o qədər zəif düşmüşdü ki, hətta durduğu yerdə yıxılır, nitqini kağızdan belə oxuya bilmirdi. Baydenin düşdüyü gülünc mənzərələr hələ uzun müddət yaddaşlardan silinməyəcək. Bayden həm də yaddaşlarda məsuliyyətsiz, insanlığı ləkə olan addımları ilə qalacaq. Daha çox Dövlət katibi tərəfindən idarə olunan Baydenin yanlış qərarları hələ bundan sonra da insanlığıa və sivilizasiyaya çox böyük zərbələr vuracaq.

Cütlyün Ukrayna layihəsi

Bu cütlüyün ən qorxunc layihələrindən biri Ukraynanı Rusiyaya qarşı müharibəyə təşviq və təhrik etməsidir. Məhz Ağ Evin təzyiqi ilə 2022-ci ilin fevralında Ukrayna Rusiya ilə sonu görünməyən və faciələrlə dolu bir müharibəyə sürükləndi. Nəticədə ötən 3 ildə Ukraynanın 25 faiz ərazisi işğal olundu. Ölkə əhalisinin 1/3-i öz dədə-baba ocağından didərgin düşdü. Təxminən bir milyona yaxın ukraynalı həyatını itirdi. Onlarla şəhər, yüzlərlə yaşayış məntəqə xarabalığa çevrildi.

Bu müddətdə Ukrayna iqtisadiyyatı məhv edildi. Bir zamanlar, ərazisinə və təbii ehtiyatlarına görə Avropanın ən böyük dövləti olan Ukrayna bu gün müharibənin acı nəticələri və Qərbin maliyə borcları altında zülm çəkir.

Bir sözlə, xarabazarlığa və cəhənnəmə çevrilən Ukrayna Bayden-Blinken cütlüyünün “şah əsəridir”.

50 min fələstinlinin ölümündə onların əli var

Bu cütlük daha bir cəhənnəmi Yaxın Şərq xalqlarına yaşatdı. 2023-cü ilin oktyabr ayında HƏMAS-la İsrail arasında növbəti mənasız və məntiqsiz müharibəyə start verildi. Müharibənin ilk günlərində Bayden davamlı siyasi bəyanatlar verərək müharibəni qızışdırırdısa, Blinken Vaşinqon-Təl-Əviv aviareysinin daimi sərnişini idi.

Onlar var qüvvələri ilə bölgədə dini-etnik münaqişəni dərinləşdirməyə çalışdılar və qismən də olsa öz istəklərinə nail oldular. Belə ki, 1 il 3 ay davam edən müharibədə 50 mindən artıq dinc fələstinli qətlə yetirildi. Hələ Livanda və digər qonşu ərəb ölkələrində öldürülən minlərlə insanı demirik.

Dünyada hər kəs bu münaqişənin mənasız olduğunu və nəticəsiz qalacağını bilirdi. Amma qana susamış Bayden-Blinken tandem üçün nəticə yox mahiyyət önəmli idi. Çünki siyasi uzaqgörənlikdən yoxsun olan bu kəslər dünyada özlərinin varlıqlarını sübut etmək üçün istənilən insan qırğınına və qarşıdurmaya həvəslə qol qoyurdular.

Ona görə də Bayden-Blinken hakimiyyəti yaddaşlarda daha çox qırğın və qətllərlə qalacaq. Əslində onlar III Dünya Müharibəsinin fitilini yandırdılar. Bu fitilin yaxın zamanda söndürüləcəyi heç də inandırıcı görünmür.

Ən dəhşətlisi də odur ki, Bayden-Blinken cütlüyü Asiyada, Avropada, Afrikada və hətta Cənubi Amerikada xeyli sayda “minalanmış sahələr” yaratdılar. Bu bölgələrdə hər hansı bir müharibənin başlaması an məsələsidir.

Bayden-Blinken cütlüyü dünyanı tarixin ən ağır iqtisadi tənəzzülünə sürüklədi.

Bu gün dünya iqtisadiyyatı iqtisadi tənəzzül labirintinə düşür. Rəsmi Vaşinqton bir sıra ölkələrə qarşı korporativ maraqlar üçün tətbiq etdiyi iqtisadi sanksiyalar və dolların  süni şəkildə məzənnəsinin qaldırılması yolu ilə dünyanın iqtisadi nizamını pozdu. Avropanın inkişaf etmiş ölkələri belə tarixin ən çətin iqtisadi dönəminə girdi. 

Üstəlik, Avropaya miqrant axını bir sıra ölkələrdə ucuz iş yerlərinin yaranmasına səbəb oldu. Nəticədə köhnə qitənin əksər ölkələrində yerli sakinlərinin həyat şəraiti kəskin şəkildə pisləşdi.

İllik infilyasiyanın yüksək olması insanların ehtiyat yığımlarını tükətdi. Təsadüfi deyil ki, Avropada son bir neçə ildə qiymət kəskin şəkildə artıb. Xüsusən də, daşınmaz əmlak sahibi olmaq əksər avropalılar üçün artıq bir yuxudur. Bununla paralel, Rusiyanın, İranın, Türkiyənin və digər ölkələrin milli valyutaları məqsədli şəkildə dəyərsizləşdirildi.

Göründüyü kimi, Bayden-Blinken cütlüyünün apardığı siyasət dünyanın ixtiyari ölkəsində mənfi fəsadlar yaratdı. Dünyada iqtisadi tənəzzül daha da dərinləşdi, ekoloji problemlərin miqyası bir qədər də böyüdü.

Bayden-Blinken tandemi və Cənubi Qafqaz

Ağ Evin son 5 ildəki sahiblərinin ən böyük zərbə vurduqları bölgələrdən biri də Cənubi Qafqazdır. Rəsmi Vaşinqton Ermənistanı açıq şəkildə silahlandıraraq bölgədə süni gərginlik yaratmaqla yanaşı Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına açıq şəkildə əngəl oldu. Bu azmış kimi gedərayaqda Baydenin xeyir-duası və Blinkenin iştirakı ilə ABŞ-la Ermənistan arasında strateji müttəfiqlik sazişi imzaladı. Bununla da növbəti illər üçün də bölgədə gərginliyin qalmasına zəmin yaradıldı.

Bayden-Blinken cütlüyünün Ermənistana qarşı sərgilədiyi mövqe əslində Azərbaycana və Gürcüstana qarşı olan nifrətdən qaynaqlanır. Məlumdur ki, Azərbaycanın son illərdə apardığı müstəqil və qətiyyəti siyasətli Ağ Evin Cənubi Qafqazla planlarını pozdu. Üstəlik, Azərbaycanın regional gücə çevrilməsi Bayden və Blinken üçün heç də arzuolunan məsələ deyildi. Ona görə də onlar təkcə Ermənistanı yox, Gürcüstanı da Azərbaycana qarşı münaqişəyə təşviq edirdi.

Lakin rəsmi Tiflisin uzaqgörən və milli maraqlara söykənən siyasəti Ağ Evin planlarını pozdu. Bununla razılaşmayan Bayden-Blinken cütlüyü Gürcüstanı cəzalandırmaq istədi. Gürcüstanın rəsmilərinə ABŞ-a səfərinə STOP qoyuldu. Gürcüstana bütün maliyyə yardımları dayandırıldı.

Lakin atılan bütün addımların səmərəsiz olduğunu görən rəsmi Vaşinqton Gürcüstanda növbəti dəfə rəngli inqilab təşkil etmək istədi. Bütün bunlara baxmayaraq xalq-hakimiyyət birliyi bu məkrli planı pozdu.

Növbəti hədəf kimdir?

Amma Ermənistanı çətirləri altına çəkməklə Bayden- Blinken yaxın zamanlarda da bölgədə gərginliyin bir qədər yüksək olacağına zəmin hazırladılar.

Bütün bu sadaladıqlarımız onu göstərir ki, Bayden-Blinken cütlüyü son 5 ildə dünyanın bütün bölgələrində və eləcə də Cənubi Qafqazda hər bir insanın rahatlığını pozdu, bir çox hallarda isə minlərlə insanın günahsız yerə ölümünə vəsilə oldular.

Ona görə də Bayden-Blinken iqtidarı ABŞ-ın tarixində ən qaranlıq və biabırçı səhifəsi kimi yazılmaqla yanaşı yaxın gələcək üçün dünyanı yeni təhdidlərlə üz-üzə qoydu.

Bəs, ABŞ-ın 47-ci prezidenti Donald Tramp bu qaranlıq səhifənin silinməsi üçün hansı addımları atacaq?

Bunu isə zaman göstərəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin