“Azərbaycan Hava Yolları”na məxsus AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində vətəndaşları həlak olan və ya yaralanan bütün ölkələr təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı həqiqəti bilmək istəyir.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
“Mən bilirəm ki, təkcə yaxınlarını itirdiyinə görə faciənin iştirakçısı olanlar deyil, hər bir Azərbaycan vətəndaşı həqiqəti bilmək istəyir. Deyə bilərəm ki, bizim ölkənin (Rusiya Federasiyasının) də bu həqiqətə ehtiyacı az deyil. Həqiqəti tapmaq üçün səyləri birləşdirməliyik", deyə o, əlavə edib.
Xatırladaq ki, AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə Rusiya hava məkanına kənardan fiziki və texniki müdaxilə nəticəsində qəzaya uğrayıb.
Bizim.Media