"Rusiyanın böyük dövlət statusuna olan inam sarsıla bilər".
Bizim.Media xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev “The New York Times” qəzetinə müsahibəsində AZAL-ın təyyarə qəzasını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Rusiyanın “imperiya təkəbbürü” faciə şəraiti ilə bağlı məlumatları manipulyasiya etmək cəhdlərində özünü göstərir.
"Onlar hələ də bütün bu keçmiş sovet ölkələrinə yuxarıdan aşağı baxırlar", deyə Fərid Şəfiyev əlavə edib.
O vurğulayıb ki, Moskvanın təmkinli reaksiyasını onun postsovet məkanında dominant mövqeyinə inamı ilə izah etmək olar: "Ancaq bu inam səhv ola bilər".
Fərid Şəfiyev Rusiyanın böyük güc olmasına inamın yanlış ola biləcəyinə nümunə kimi, Suriyadakı Əsəd rejiminin süqutunu göstərib:
"Hazırda onlar hələ də böyük güc olduqlarını çox rahat hiss edirlər, lakin zaman keçdikcə bu dəyişə bilər", - Şəfiyev bildirib.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.
İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.
Bizim.Media