Xəbər verildiyi kimi, videobloqer Albert İsakov özünün "YouTube" kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşündə səsləndirdiyi fikirləri yayıb.
Ter-Petrosyan həmin çıxışında 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladıb:
"Təsəvvür edin ki, indi onlar Ermənistandadır. Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı; biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik.
MÖVZU İLƏ BAĞLI:
Eks-prezidentlər Paşinyana qarşı BİRLƏŞDİ – Nikolu çətin günlər GÖZLƏYİR...
Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiya. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim "Yerkrapa" dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Artsax (Qarabağ - red.), o cümlədən, digər torpaqlar ermənilərin əlindədir".
Ter-Petrosyan həmin çıxışı ilə onu da etiraf edir ki, azərbaycanlıların qovulması Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən erməni şovinistlərinin siyasətinin tərkib hissəsi olub.
Bəs Ter-Petrosyanın həmin çıxışı niyə məhz indi üzə çıxarıldı?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin sabiq deputatı, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu deyir ki, belə bir video materialın üzə çıxması Ermənistanın müstəqilliyinin ilk saatlardan mahiyyətinin nə olduğunu bir daha ortaya qoyur:
“Keçmiş prezident Levon Ter-Petrosyanın üzə çıxarılan bu videomaterialı Ermənistanın cinayətkar, işğalçı və faşist mahiyyətini bir daha üzə çıxardı. Ter-Petrosyan çıxışında açıq şəkildə etiraf edir ki, ermənilər həmişə öz davranışlarında faşizm ideologiyasına üstünlük verib, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçiriblər”.
Ekspert qeyd edir ki, açıqlama Ter-Petrosyan haqqında mövcud olan yanlış təsəvvürləri də alt-üst etdi:
“Son günlərə qədər elə təqdim edilirdi ki, guya Ter-Petrosyan vaxtilə Qarabağ münaqişəsini həll etməyə meylli olub, ona görə də hakimiyyətdən devrilib. Amma görürük ki, Ter-Petrosyan özündən sonra gələn erməni liderlərindən də daha qəddar olub. O, Azərbaycana qarşı Ermənistanın işğalçı siyasətini də etiraf edir, həyasızcasına bunu qəhrəmanlıq sayır”.
E. Mirbəşiroğlu düşünür ki, Ter-Petrosyan bununla ermənilərin xəyanətkar xislətini də ortaya qoyur:
“O, fəxrlə deyir ki, başladıqları hərəkat SSRİ-nin süqutuna da start verib. Belədə etiraf edir ki, Ermənistan SSRİ-nin dağılmasında əsas rol oynayıb. Bu həm də onun göstəricisidir ki, vaxtilə SSRİ-də alovlanan etnik münaqişələr həmin dövlətin dağılması üçün alovlandırılıb və Ermənistan burada pioner olub”.
Həmsöhbətimiz düşünür ki, videonun indilikdə ictimailəşməsində maraqlı olan dairələr ola bilsin bununla Ermənistanın Rusiyaya münasibətdə nə dərəcədə dönük olduğunu nümayiş etdirmək istəyiblər:
“Bəlkə Qərb siyasi dairələri də Moskva ilə İrəvan arasında gərginliyin daha da dərinləşməsi məqsədilə onun yayılmasında maraqlı olublar”.
Professor hesab edir ki, belə bir materialın yayılması Azərbaycanın da xeyrinədir:
“Ermənilər bununla öz dillərilə Azərbaycan dövləti və xalqına qarşı necə düşmən mövqe tutduqlarını etiraf etmiş olurlar. Bu da beynəlxalq hüquqi instansiyalar üçün olduqca tutarlı hüquqi sübut, dəlil kimi istifadə oluna bilər. Belədə ölkəmizin haqlı mövqeyi daha da möhkəmlənir, informasiya müharibəsində imkanlarımız daha da genişlənir. Bu bir daha sübut edir ki, Azərbaycan doğru olaraq hərbi yolla ərazilərimizi işğaldan azad edib. Çünki Ermənistan heç vaxt öz xoşu ilə ərazilərimizdən çıxmayacaqdı”.
Rüfət Sultan, Bizim.Media