Azərbaycan işğaldan azad edilmiş ərazilərdə törətdiklərinə görə Ermənistandan təzminat tələb edir - XİN

Hazırda oxunan: Azərbaycan işğaldan azad edilmiş ərazilərdə törətdiklərinə görə Ermənistandan təzminat tələb edir - XİN

227463

“Ermənistana qarşı beynəlxalq hüquqi tədbirlər Ermənistanın təxminən 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə törətdiyi cinayətlərin ifşa edilməsi və bu əməllərə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyətinin təsbit edilməsi istiqamətində 2024-cü il ərzində işlər davam etdirilib”.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.

Qeyd edilib ki, 12 yanvar tarixində Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsində “Enerji Xartiyası Müqaviləsi”nə əsasən Azərbaycan Respublikasının Ermənistan Respublikasına qarşı qaldırdığı dövlətlərarası arbitraj çərçivəsində prosessual iclas keçirilib:

"19 noyabr tarixində Azərbaycan hökuməti “Enerji Xartiyası Müqaviləsi” çərçivəsində və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən çoxsaylı pozuntuların təfərrüatlarını əks etdirən əsas iddia sənədini Daimi Arbitraj Məhkəməsinə təqdim edib. Azərbaycan öz enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən pozulması, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin Ermənistan tərəfindən qanunsuz istismarına və zərər vurulmasına görə təzminat tələb edir
 

12 aprel tarixində Daimi Arbitraj Məhkəməsində “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Bern Konvensiyasına əsasən Azərbaycan Respublikasının Ermənistan Respublikasına qarşı qaldırdığı dövlətlərarası arbitraj çərçivəsində prosessual iclas keçirilib. Bu arbitraj iddiasında Azərbaycan Respublikası Ermənistan Respublikasından Azərbaycanın ətraf mühitinə vurduğu zərər və biomüxtəlifliyin geniş miqyasda məhv
edilməsinə görə qarşı tərəfin məsuliyyətinin təsbit edilməsini və maddi təzminat ödənilməsini tələb edir", - məlumatda vurğulanıb.


Əlavə edilib ki, 15-26 aprel tarixlərində BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində “İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı davam edən icraatlar çərçivəsində Məhkəmənin yurisdiksiyası və qaldırılmış iddialarla bağlı ilkin etirazlara dair dinləmələr baş tutub və cari ilin 12 noyabr tarixində Məhkəmə sözügedən ilkin etirazlara dair qərarlarını elan edib. Məhkəmənin qərarı ilə Ermənistanın mina və gizli mina tələlərinin yerləşdirməsi təcrübəsinə dair iddiaların qərarda istisna olunması cəhdləri rədd edilib.

Eyni zamanda qərara əsasən, Ermənistanın onilliklər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisini işğalda saxladığı müddətdə həyata keçirdiyi etnik təmizləmə və digər qeyri-qanuni əməllər bundan sonra Məhkəmə tərəfindən mahiyyəti üzrə ətraflı şəkildə araşdırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin