Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Azərbaycan Prezidenti
İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında çoxlu sayda insanın həlak olduğu təyyarə qəzası ilə bağlı xəbər məni dərindən kədərləndirdi.
Bosniya və Herseqovina vətəndaşları adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.
***
Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən:
“Zati-aliləri.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti, əziz dost.
İcazə verin, “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstan ərazisində qəzaya uğraması ilə əlaqədar dərin kədərimi və hüznümü ifadə edim.
İnsan ölümü hər zaman çox ağır itkidir. Əzizlərini itirən ailələrə dərin hüznlə başsağlığı veririk, xəsarət alanların tezliklə sağalmalarını diləyirik.
Möhtərəm Prezident, xalqınıza dərin rəğbətimi bir daha ifadə edərək, bu çətin anlarda Sizə səbir arzulayıram”.
***
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifdən:
“Zati-aliləri, əziz Qardaşım.
Dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi surətdə qəzaya uğraması ilə əlaqədar Pakistan xalqı və Hökuməti adından, şəxsən öz adımdan Sizə, azərbaycanlı qardaş və bacılarımıza dərin hüznlə başsağlığı verirəm.
Pakistan xalqı insanların həyatını itirməsi ilə nəticələnən bu hüznlü hadisə barədə xəbəri dərin kədər hissi ilə qarşıladı. Biz bu kədərli vaxtda Zati-aliniz və Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bildiririk.
Düşüncələrimiz və dualarımız həlak olanların ailələrinin yanındadır, yaralananların tezliklə sağalmalarını diləyirik. İnanıram ki, cəsur Azərbaycan xalqının dözümlülüyü və birliyi bu çətin dövrü dəf etməyə kömək edəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Bizim.Media